Bakı. Trend:
Müasir dövrdə informasiya insan həyatının ayrılmaz hissəsidir. Təhsil, səhiyyə, məşğulluq, hüquq və ictimai fəaliyyət sahələrində uğurlu iştirak üçün informasiyaya bərabər çıxış həyati əhəmiyyət daşıyır. Əlilliyi olan şəxslər üçün informasiya yalnız mövcud olmaqla kifayətlənmir, onların fiziki və ya intellektual imkanlarına uyğun formada təqdim edilməklə əlçatan sayılır.
Trend xəbər verir ki, bunu Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov qurumun təşkilatçılığı ilə keçirilən “Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq’’ mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Aparat rəhbəri bildirib ki, görmə məhdudiyyətli şəxslər üçün “braille” əlifbası və səsli materiallar, eşitmə məhdudiyyətli şəxslər üçün işarət dili və altyazılar, intellektual pozuntuları olan şəxslər üçün isə sadələşdirilmiş və vizual təqdimatlar bu kateqoriyaya daxildir:
“Əlilliyi olan şəxslər üçün əlçatan informasiya dedikdə, informasiyanın həmin şəxslərin fiziki, duyğu və intellektual imkanlarına uyğun şəkildə təqdim olunması nəzərdə tutulur”.
F.Novruzov əlavə edib ki, tədbirin keçirilməsində əsas məqsəd “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna edilmiş dəyişikliklərlə bağlı müzakirələr aparmaq və bütün audiovizual yayımçıları bu prosesə təşviq etməkdir.
“Əlilliyi olan şəxslərin informasiya alma hüququ onların cəmiyyətin tamhüquqlu üzvləri kimi iştirakı üçün əsas şərtlərdən biridir. Bu hüququn təmin olunması üçün ümumilikdə media subyektləri, dövlət orqanları və vətəndaş cəmiyyəti arasında koordinasiyalı və davamlı əməkdaşlıq vacibdir.
Bununla yanaşı, ictimaiyyətin bu mövzuda maarifləndirilməsi də önəmlidir. Eyni zamanda, mediada əlçatanlığın təkmilləşdirilməsi üçün həm texniki, həm də hüquqi baza gücləndirilməlidir.
İnklüziv informasiya mühiti təkcə əlilliyi olan şəxslər üçün deyil, ümumilikdə cəmiyyət üçün inkişaf göstəricisidir. Əlilliyi olan vətəndaşlarımızın informasiya resurslarına bərabər çıxışı həm bu günümüzün, həm də gələcəyimizin məsuliyyətidir”, — deyə o fikrini tamamlayıb.