...

Ermənistan Azərbaycan və Türkiyə sərhədlərində dəmir yolu bərpası üçün Rusiyaya müraciət etdi

Siyasət Materials 15 Yanvar 2026 14:14 (UTC +04:00)
Ermənistan Azərbaycan və Türkiyə sərhədlərində dəmir yolu bərpası üçün Rusiyaya müraciət etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan ölkənin Azərbaycan və Türkiyə ilə sərhəddəki dəmir yolu xətlərində bərpa işlərinin həyata keçirilməsi ilə bağlı qərarın qəbul olunması üçün Rusiyaya müraciət edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İrəvanda keçirilən brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Bəli, bu məsələ müzakirə olunub. Mən bu mövzunu Rusiya Federasiyasının Prezidenti ilə də müzakirə etmişəm, həmçinin Ermənistanın baş nazirinin müavini bu məsələ ilə bağlı Rusiya hökuməti sədrinin müavini ilə danışmaq imkanı əldə edib. Biz Rusiya Federasiyasından olan tərəfdaşlarımızın reaksiyasını gözləyirik”, – Paşinyan dəmiryollarının Azərbaycan və Türkiyə sərhədlərdəki sahələrinin bərpası ilə bağlı müddətlərin Rusiya ilə müzakirə olunub-olunmaması barədə sualı cabablandırarkən deyib.

Dəmir yolu xətlərində bərpa işlərinin həyata keçirilməsi müddətinə toxunan Paşinyan qeyd edib ki, Ermənistanla ABŞ arasında “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin icrası üzrə çərçivə sazişinin imzalanmasından sonra münasib vaxt ən yaxın zaman kəsiyidir.

“Münasib vaxt – məhz indidir və bizim istəyimiz bu işlərin elə indi həyata keçirilməsidir. Proseslər gedir, onlar barədə siz məlumatlandırılacaqsınız və bu proseslər işlərin mümkün qədər tez icra olunmasını nəzərdə tutur. Biz Rusiya tərəfdaşlarımızdan bu məsələ ilə bağlı qərar qəbul etmələrini xahiş edirik”, – deyə Ermənistanın baş naziri bildirib.

Qeyd edək ki, yanvarın 14-də Ermənistan XİN Ermənistanla ABŞ arasında “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi üzrə imzalanmış sazişi dərc edib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüş keçirərək TRIPP layihəsinin icrası üzrə çərçivə proqramını təqdim ediblər. Dərc olunmuş sənəd 8 avqust 2025-ci ildə Ağ Evdə Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına dəstək məqsədilə götürülmüş öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılmış yeni addım kimi qiymətləndirilib.

Mirzoyan və Rubionun birgə bəyanatında bildirilir ki, Ermənistan TRIPP layihəsinin inkişafına cavabdeh olacaq “TRIPP Development Company” şirkətinin yaradılmasını təsdiqləmək və dəstəkləmək niyyətindədir. Şirkətə ilkin mərhələdə 49 il müddətinə layihənin icrası hüququ veriləcək. İrəvan Vaşinqtona TRIPP Development Company-nin səhmlərinin 74 faizini təklif etməyi, 26 faizini isə özündə saxlamağı planlaşdırır.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti