Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Korça şəhərinin qazlaşdırılması layihəsi flaqman və pilot layihə kimi nəzərdən keçirilir və onun mərhələli şəkildə Albaniyanın digər regionlarına yayılması istiqamətində güclü maraq mövcuddur.
Bunu Trend-ə özəl müsahibəsində Albaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Besart Kadia bildirib.
“TAP vasitəsilə qaz tədarükü dayanıqlı xarakter aldıqca və daxili infrastruktur inkişaf etdikcə, Albaniya qaz şəbəkələrinin ölkənin digər şəhərlərinə və iqtisadi zonalarına genişləndirilməsi imkanlarını nəzərdən keçirir. Bu proses yenilənmiş qaz sənayesinin inkişafı üzrə Baş Plana uyğun olaraq mərhələli və əlaqələndirilmiş şəkildə, SOCAR və onun aidiyyəti strukturları ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Ortaq məqsəd enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsidir”, – deyə o vurğulayıb.
Xatırladaq ki, 2025-ci ilin aprel ayında Albaniyanın Baş naziri Edi Ramanın və Baş nazirin müavini, İnfrastruktur və Energetika naziri Belinda Ballukunun iştirakı ilə Korça şəhərinin qazlaşdırılması üzrə “Nur” layihəsinin ictimai təqdimatı keçirilib. Layihə Azərbaycanın investisiyaları ilə SOCAR tərəfindən həyata keçirilir.
Layihənin icrasını SOCAR-ın 100 faiz törəmə şirkəti olan “SOCAR Gas Albania” həyata keçirəcək.
