Bakı. Trend:
Vikipediya onlayn ensiklopediyasının operatoru olan Vikimedia Fondu portalın fəaliyyəti dövründə ən populyar axtarış sorğularının siyahısını tərtib edib.
Trend-in məlumatına görə, bu barədə “Popular Science” jurnalı məlumat yayıb.
Məlumata görə, vikipediya məqalələri arasında ən çox axtarılan 647 milyondan çox baxış sayı ilə “İllərə görə ölümlərin siyahısı” olub. İkinci yeri ABŞ-la bağlı məqalələr (328 milyondan çox baxış), üçüncü yeri isə ABŞ Prezidenti Donald Trampla bağlı məlumatlar (325 milyondan çox baxış) tutub. Dördüncü və beşinci yerlərdə müvafiq olaraq 1952–2022-ci illərdə Böyük Britaniyada hakimiyyətdə olmuş kraliça II Yelizaveta və Hindistan haqqında məqalələr qərarlaşıb.
Ən populyar on axtarış sorğusuna, həmçinin portuqaliyalı futbolçu Kriştiano Ronaldo, ABŞ-ın 44-cü prezidenti Barak Obama, amerikalı sahibkar İlon Mask, İkinci Dünya müharibəsi və Birləşmiş Krallıq haqqında məqalələr də daxil olub.