Bakı. Trend:
1979-cü ildə devrilmiş İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi hakimiyyətə gələcəyi təqdirdə İranda həyata keçirəcəyi islahatlardan ibarət proqramını ictimailəşdirib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, o, proqramı öz "X" səhifəsində dərc edib.
Onun sözlərinə görə, İranın nüvə proqramına son qoyulacaq, həmçinin “terrorçu qruplaşmaların” maliyyələşdirilməsi dayandırılacaq. Tehran terrorçuluq, mütəşəkkil cinayətkarlıq və İslamın radikal cərəyanları ilə mübarizədə Qərbdən olan tərəfdaşlarla əməkdaşlıq edəcək.
O, həmçinin ABŞ ilə diplomatik münasibətlərin bərpa ediləcəyini və İsrailin dövlət olaraq tanınacağını vəd edib. Pəhləvinin sözlərinə görə, söhbət “qarşılıqlı tanınma, suverenlik və milli maraqlara” əsaslanan yeni bir mərhələdən gedir.
Bundan əlavə, Tehran öz resurslarını “azad dünyaya” tədarük edəcək və dövlət idarəçiliyində beynəlxalq standartları qəbul edəcək.
“Bu, mücərrəd bir baxış deyil. Bu, praktiki baxışdır. Milli maraqlara, sabitliyə və əməkdaşlığa əsaslanır. Buna nail olmaq üçün indi İran xalqını dəstəkləməyin zamanıdır”, – deyə Pəhləvi bildirib.
