Bakı. Trend:
İnşaat, təsərrüfat və digər işlər görülərkən aşkar edilən abidələrin qorunması qaydalarında dəyişiklik edilib.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, minatəmizləmə fəaliyyəti həyata keçirilərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata məlumat verilməli, həmin orqan (qurum) və elmi təşkilat tərəfindən iki ay müddətində bu Qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir.
Bu halda inşaat, təsərrüfat və digər işlər, o cümlədən minatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın və mütəxəssislərin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icazəsi ilə davam etdirilə biləcək.
Minatəmizləmə fəaliyyəti tarixi və arxeoloji əhəmiyyət kəsb edən zonada aparılırsa, həmin ərazi əvvəlcədən mütəxəssislər tərəfindən nəzərdən keçiriləcək və abidələrin ilkin tədqiqi təmin ediləcək. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin işlər, o cümlədən minatəmizləmə fəaliyyəti aparılan yerdə öz nümayəndəsinin və mütəxəssisin iştirakını təmin edəcək.
Həmçinin, Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyəti aparılarkən aşkar edilən abidələrin qorunması, habelə tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə tikinti, bərpa, təmir, minatəmizləmə fəaliyyəti və təsərrüfat işlərinin aparılması “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.
Dəyişikliklə əhalinin sağlamlığının qorunması sahəsində minatəmizləmə fəaliyyəti ilə əlaqədar zərərçəkmişlərin hüquqları genişləndirilir.
“Minatəmizləmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq zərərçəkmişlər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunacaqlar.
Dəyişikliyə əsasən, Azərbaycanda heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə istifadə edilməsinin hüquqi əsası yaradılır.
Belə ki, digər normativ hüquqi aktlarının tələblərinə əməl etmək şərtilə heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə standart əməliyyat prosedurlarına uyğun istifadə edilməsi həyata keçirilə biləcək.
