Bakı. Trend:
TRIPP sənədinin açıqlanması regionda formalaşmaqda olan yeni siyasi və iqtisadi reallıqların məntiqi davamı kimi qiymətləndirilməlidir. Bu sənəd təkcə texniki və ya prosedur xarakter daşımır, eyni zamanda Cənubi Qafqazda uzunmüddətli sabitlik, kommunikasiyaların açılması və regional əməkdaşlığın institusionallaşdırılması istiqamətində atılan ardıcıl addımların göstəricisidir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
Millət vəkilinin sözlərinə görə, TRIPP sənədinin ictimaiyyətə açıqlanması 8 avqust Vaşinqton görüşündən sonra yaranmış müsbət siyasi dinamikanın davamı kimi dəyərləndirilə bilər:
“Həmin görüş regionda kommunikasiyaların açılması, qarşılıqlı etimadın gücləndirilməsi və praktiki əməkdaşlıq mexanizmlərinin qurulması baxımından mühüm mərhələ idi. TRIPP sənədi bu proseslərin konkret çərçivəyə salınmasının, razılaşmaların artıq konseptual səviyyədən praktik mərhələyə keçdiyinin göstəricisidir.
Azərbaycan üçün əsas məqam ondan ibarətdir ki, proses söz və bəyanat mərhələsindən çıxaraq icra müstəvisinə qədəm qoyur. Bu isə Bakının uzun illər ardıcıl şəkildə müdafiə etdiyi mövqenin – regionda real əməkdaşlıq yalnız konkret mexanizmlər üzərindən mümkündür tezisinin təsdiqidir”.
Deputat vurğulayıb ki, TRIPP sənədinin ABŞ Prezidenti Donald Trampın adını daşıması Vaşinqtonun prosesə verdiyi siyasi önəmin açıq nümayişidir:
“Bu, ABŞ-nin regiondakı təşəbbüslərə formal deyil, məhz icraya yönəlik yanaşmasının göstəricisi kimi qiymətləndirilə bilər. Sənədin açıqlanması ilə ABŞ bir daha göstərir ki, üzərinə götürdüyü öhdəlikləri yalnız diplomatik bəyanatlarla məhdudlaşdırmır, onların implementasiyasında da fəal rol oynamağa hazırdır.
Azərbaycan prizmasından baxdıqda bu amil xüsusilə əhəmiyyətlidir. Çünki rəsmi Bakı hər zaman beynəlxalq vasitəçilərdən balanslı, obyektiv və nəticəyönlü mövqe gözlədiyini açıq şəkildə bəyan edib. TRIPP sənədi ABŞ-ın məhz bu yanaşmanı nümayiş etdirdiyini göstərir”.

J.Əliyeva bildirib ki, TRIPP sənədinin ən mühüm siyasi mesajlarından biri onun Zəngəzur dəhlizinin reallaşması istiqamətində atılan növbəti addım kimi dəyərləndirilməsidir:
“Prezident İlham Əliyevin yerli televiziya kanallarına son müsahibəsində vurğuladığı kimi, Zəngəzur dəhlizi artıq müzakirə mövzusu deyil, reallaşmaqda olan bir layihədir. Bu sənəd Zəngəzur dəhlizinin regional və beynəlxalq səviyyədə qəbul edilən iqtisadi-logistik layihə kimi möhkəmlənməsinə xidmət edir. Dəhlizin açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqəni təmin etməklə yanaşı, Cənubi Qafqazı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının mühüm halqasına çevirir. Bu isə Azərbaycanın geostrateji əhəmiyyətini daha da artırır”.
Milli Məclisin üzvü əlavə edib ki, TRIPP sənədini bütövlükdə reallaşma kontekstində növbəti addım kimi təqdim etmək tam əsaslıdır.
“Artıq proses deklarativ səviyyəni arxada qoyub və işçi qaydada, mərhələli şəkildə davam etdirilir. Bu mərhələlilik Azərbaycan üçün məqbul və məqsədəuyğun yanaşmadır, çünki rəsmi Bakı hər zaman real nəticə verən, addım-addım icraya əsaslanan modeli üstün tutub.
Gözlənilir ki, bundan sonra texniki, hüquqi və institusional məsələlər üzrə danışıqlar intensivləşəcək, tərəflər arasında praktiki əməkdaşlıq mexanizmləri daha da dəqiqləşdiriləcək. Bu da Zəngəzur dəhlizinin və ümumilikdə regional kommunikasiyaların açılmasının geri dönməz xarakter aldığını göstərir”, - deyə o fikrini yekunlaşdırıb.
Milli Məclisin deputatı Səbinə Salmanova isə Trend-ə açıqlamasında deyib ki, yanvarın 14-də ABŞ və Ermənistan arasında “TRIPP Implementation Framework” (TIF) sənədinin imzalanması regionda son aylarda formalaşan müsbət diplomatik dinamikanın məntiqi davamı kimi qiymətləndirilə bilər:
“Xüsusilə 8 avqust Vaşinqton görüşündən sonra Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiyanın təşviqi istiqamətində aparılan müzakirələr bu sənədlə daha konkret çərçivəyə salınır. Azərbaycanın mövqeyindən baxdıqda prosesin məhz mərhələli və institusional əsasda irəliləməsi bölgədə dayanıqlı sülh və əməkdaşlıq üçün zəruri şərt kimi çıxış edir”.

Deputat bildirib ki, ABŞ administrasiyasının onun icrası və implementasiyası ilə bağlı açıq öhdəlik nümayiş etdirməsi Vaşinqtonun prosesə yalnız siyasi deyil, praktiki yanaşdığını göstərir:
“Tramp administrasiyasının regionla bağlı verdiyi mesaj ondan ibarətdir ki, razılaşmalar kağız üzərində qalmamalı, real nəticələrə çevrilməlidir. Bu yanaşma Azərbaycanın uzun müddətdir müdafiə etdiyi prinsipə – razılaşdırılmış öhdəliklərin tam və vaxtında yerinə yetirilməsinə uyğun gəlir”.
S.Salmanova əlavə edib ki, bu baxımdan, TIF sənədinin imzalanması yekun mərhələ deyil, reallaşma kontekstində ardıcıl addımlardan biri kimi təqdim olunmalıdır.
“Qarşıdakı dövrdə prosesin işçi qaydada, texniki və institusional mexanizmlər vasitəsilə davam etdirilməsi gözləniləndir. Azərbaycan üçün əsas prioritet dəyişməz qalır: regionda bütün kommunikasiyaların açılması, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq və əldə olunmuş razılaşmaların real icrası. Bu xətt üzrə atılan hər bir addım ümumi sülh gündəliyinə xidmət edir”, - deyə o qeyd edib.
