Bakı. Trend:
İran öz vətəndaşlarını, asayişi və milli təhlükəsizliyini qorumaq istiqamətində öz borcunu yerinə yetirməkdədir.
Trend-in məlumatına görə, bu, İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin BMT baş katibi Antonio Quterreşə ünvanladığı məktubda öz əksini tapıb.
Onun sözlərinə görə, İran hökuməti dinc aksiyaların və toplantıların təşkil olunması hüququ ilə bağlı öz vətəndaşları qarşısında insan haqları öhdəliklərini dərk edir və destabilliklə qarşılaşmada maksimum şəkildə təmkinli olmaq istiqamətində bütün lazımi addımları atıb.
Əraqçi bildirib ki, 28 dekabrdan etibarən iqtisadi məsələlərlə əlaqədar İranda dinc etiraz aksiyaları başlayıb. Lakin 8-10 yanvar tarixlərində terrorçu şəxslərin müdaxiləsi ilə dinc etiraz aksiyaları silahlı iğtişaşlara çevrilib. Bu iğtişaşlarda vətəndaşlara, dövlət məmurlarına qarşı ən dəhşətli cinayətlər törədilib. Çoxlu sayda təcili yardım maşınları, yanğınsöndürmə maşınları, tibb mərkəzləri, yaşayış massivləri və dini obyektlər yandırılıb.
İranlı nazir əlavə edib ki, iğtişaşlar zamanı qanunu tətbiq edən çoxlu sayda hüquq-mühafizə qüvvəsi öldürülüb və yaralanıb. Çoxlu sayda hüquq-mühafizə əməkdaşının yaralı olması bir tərəfdən onların təmkinli olduğunu, digər tərəfdən terrorçular tərəfindən zorakılığın səviyyəsini əks etdirir.
“ABŞ-nin sabiq və hazırkı rəsmilrinin İrandakı etirazlarla bağlı təhrikedici açıqlamaları BMT nizamnaməsi, beynəlxalq hüquq normalarının açıq-aşkar şəkildə pozuzlmasıdır. Dinc etirazlardan öz siyasi məqsədlərinə nail olmaq üçün İran vətəndaşlarının həyatını təhlükəyə atmaq insan haqlarına qarşı addım hesab olunur.
12 yanvarda hökumətə dəstək yürüşündə İran vətəndaşlarının iştirakı isə onların milli birliyə, qanun və asayişin qorunmasına hörmətlə yanaşmaq üzrə iradəsini əks etdirib”, - deyə o bildirib.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.
