Bakı. Trend:
Azərbaycan əvvəlki dövrlərdə akvakulturanın inkişafına əsasən ətraf mühitin mühafizəsi prizmasından yanaşıb. Hazırda isə bu yanaşma qorunmaqla yanaşı, akvakulturanın iqtisadi potensialının artırılması istiqaməti də strategiyanın mühüm tərkib hissəsinə çevrilib.
Trend xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov İsrailin Eilat regionunda “Sea the Future: II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammiti” çərçivəsində təşkil olunan “Mavi qida təhlükəsizliyi prosesində qlobal liderlik” mövzusunda keçirilən panel müzakirələrində çıxışında deyib.
Nazir bildirib ki, Azərbaycan Respublikasının balıqçılıq və
akvakulturanın inkişafına dair uzunmüddətli strategiyası Xəzər
dənizinin və daxili su hövzələrinin akvakultura ehtiyatlarını
qorumaqla yanaşı, onların davamlı şəkildə inkişaf etdirilməsi
hesabına ölkənin ərzaq təhlükəsizliyinə töhfə verməyə yönəlib.
O vurğulayıb ki, balıqçılıq siyasətinin şəffaf və elmi əsaslara
söykənən mexanizmlər üzərində qurulması ölkəyə həm ekosistemlərin
qorunmasını təmin etməyə, həm də mövcud resurslardan səmərəli
istifadə etməyə imkan yaradır.
Məcnun Məmmədov, həmçinin Azərbaycanın balıqçılıq və akvakulturanın
inkişafında elmi innovasiyaların tətbiqinə, qabaqcıl
texnologiyalardan istifadəyə və beynəlxalq əməkdaşlığın
genişləndirilməsinə böyük önəm verdiyini vurğulayıb.
Panel müzakirələrində çıxış edən digər ölkələrin nümayəndələri də
akvakultura sahəsində mühüm nailiyyətlər əldə etmiş dövlətlərlə
birgə elmi tədqiqatların aparılması, ixtisasartırma və təlim
proqramlarının təşkili, ticarət münasibətlərinin və beynəlxalq
əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensialın mövcud
olduğunu bildiriblər.
