Bakı. Trend:
Albaniya alban və azərbaycanlı şirkətlər arasında birgə müəssisələrin yaradılmasını ikitərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün strateji alət kimi alqışlayır.
Bunu Trend-ə özəl müsahibəsində Albaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Besart Kadia bildirib.
“Belə tərəfdaşlıqlar təcrübə, texnologiya və resursların birləşdirilməsi üçün imkanlar yaradır, innovasiyaların təşviqinə, rəqabət qabiliyyətinin artırılmasına və birgə layihələrin uğurla həyata keçirilməsinə töhfə verir. Birgə müəssisələr xüsusilə energetika, infrastruktur, bərpa olunan enerji, kənd təsərrüfatı və turizm kimi sahələrdə böyük potensiala malikdir, həmçinin ticarətin, investisiyaların və uzunmüddətli əməkdaşlığın inkişafına xidmət edir. Onlar dayanıqlı inkişafa və ikitərəfli münasibətlərin dərinləşdirilməsinə ortaq sadiqliyi əks etdirir”, – deyə o izah edib.
Bundan əlavə, turizm əməkdaşlığından danışan səfir Azərbaycanın və Albaniyanın arasında birbaşa aviareyslərin açılmasını ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün strateji addım kimi alqışladıqlarını bildirib.
“Vizadan azad səyahət haqqında mövcud sazişə əsaslanan hava əlaqəsinin genişləndirilməsi biznes, turizm və mədəni mübadilələrin inkişafına, eləcə də insanlar arasında əlaqələrin güclənməsinə xidmət edəcək. Bu təşəbbüs ticarətin, investisiyaların və regional əlaqəliliyin genişləndirilməsi istiqamətində davam edən səyləri tamamlayaraq, hər iki ölkənin iqtisadi, mədəni və sosial tərəfdaşlığın dərinləşdirilməsinə ortaq sadiqliyini əks etdirir”, – deyə o əlavə edib.
