Bakı. Trend:
Azərbaycan və Vyetnam şirkət elektrik avtomobillərin istehsalı sahəsində birgə fəaliyyət imkanlarını nəzərdən keçiriblər.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.
“Vyetnamın "VinFast" şirkətinin İdarə Heyətinin sədri xanım Le Thi Thu Thuyun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmək xoş oldu. Vyetnamla iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində biznes dairələri ilə əməkdaşlıq, dayanıqlı inkişaf prioritetləri, ölkəmizin əlverişli işgüzar mühiti barədə fikirlərimizi bölüşdük. Elektrik avtomobillərin istehsalı sahəsində birgə fəaliyyət imkanlarını nəzərdən keçirdik”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ilin ilk 11 ayında Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsinin həcmi 141,8 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 9,7 milyon ABŞ dolları və ya 7,4% çoxdur.
Dövr ərzində 1,023 milyon ABŞ dolları dəyərində Azərbaycandan Vyetnama ixrac, 140,8 milyon ABŞ dollarlıq isə Azərbaycana idxal əməliyyatları həyata keçirilib. Bunlar 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 183 min ABŞ dolları (21,8%) və 9,6 milyon ABŞ dolları (7,3%) çoxdur.
