Bakı.Trend:
Zorakılığın siqlərə (Zikhlərə) qarşı bu qədər dərin kök salmasının səbəbi siyasi fürsətçilik, dövlət repressiyası və siqlərin kimliyinin və milli arzularının inkarının birləşməsidir.
Trend xəbər verir ki, bu fikirləri bugün Pəncab hökumətinin İnsan Haqları və Azlıqların məsələləri naziri Rameş Sinq Arora “Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda deyib.
“Bunun üçün Hindistan Konstitusiyasının 25(b) maddəsinə baxmaq kifayətdir. Yəni konstitusion hüquq müstəvisində siqlərin kimliyi faktiki olaraq silinir”, - o vurğulayıb.
Nazir qeyd edib ki, 1984-cü ildə baş verən “Mavi Ulduz” əməliyyatı zamanı ordunun siqlərin ən müqəddəs məbədi olan Qızıl Məbədə hücumu bunun bariz nümunəsidir:
“Bu hadisə siq kollektiv şüurunda dərin yaralar açdı və eyni zamanda Xalistan hərəkatının , yəni tam azadlıq və suverenlik ideyasının başlanğıcı oldu. Bundan sonra mübarizə artıq Pəncab ştatı üçün daha geniş muxtariyyət tələbi deyil, tam müstəqillik uğrunda aparılan bir mübarizəyə çevrildi. 31 oktyabr 1984-cü ildə Baş nazir İndira Qandinin qətlə yetirilməsi isə sonrakı hadisələr üçün bəhanəyə çevrildi. Ardınca Dehlidə və digər şəhərlərdə soyqırım baş verdi: siyasətçilər tərəfindən verilmiş seçici siyahıları ilə silahlanan dəstələr siq ailələrinin evlərinə hücum etdi, siq kişiləri diri-diri yandırdı, uşaqları öldürdü, qadınlara təcavüz etdi. Bu, Hindistan dövlətinin özünün başlatdığı soyqırım prosesini tamamlamaq üçün qitə miqyasında həyata keçirilən bir cəhd idi”.
O qeyd edib ki, bu gün, 40 ildən çox vaxt keçməsinə baxmayaraq, həmin zorakılığa görə məsuliyyət daşıyan şəxslər hələ də cəzasız qalır:
“1984-cü il soyqırımının qurbanları üçün bu günə qədər real hüquqi ədalət təmin edilməyib. Bu baxımdan Hindistanın dünyaya təqdim etdiyi “həqiqət” sual altındadır.
Hindistan bu tarixi mərhələni “iğtişaş” (riot) adlandırır. Halbuki iğtişaş iki bərabər tərəfin qarşıdurması deməkdir. Bu isə güclü bir dövlətin bütün mexanizminin işə salınmasını, seçici siyahılarının zorakı dəstələrə verilməsini, polisin kənardan baxıb heç nə etməməsini və ya birbaşa zorakılıqda iştirakını, ordunun və təhlükəsizlik qüvvələrinin sülhü bərpa etmək üçün səfərbər edilməməsini əhatə etməməlidir”.
