Bakı.Trend:
Bu dövrdə ən böyük ehtiyac beynəlxalq ictimaiyyətin azlıqlara çevrilmiş icmaların yanında dayanmasıdır.
Trend xəbər verir ki, bunu Böyük Britaniyada fəaliyyət göstərən xeyriyyə təşkilatının nümayəndəsi Avanvi Sinqh bu gün Bakıda “Hindistanda Sinqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu azlıqlar təkcə Hindistanda deyil, dünyanın müxtəlif yerlərində mövcuddur:
“Bu səbəbdən beynəlxalq ictimaiyyətin üzərinə böyük məsuliyyət və vəzifə düşür. İstər media, istərsə də başqa platformalarda səsimizi hamıya çatdırmalıyıq”.
O vurğulayıb ki, Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə keçirilən konfrans çox müsbət qarşılanır və bu zəruridir:
“Bu, bizə açıq dialoq üçün bir məkan yaradır. Düşünürəm ki, siz Bakıda ilk dəfədir ki, bizim tariximiz, keçmişimiz və mübarizələrimizlə bu şəkildə tanış olursunuz”.
