Bakı.Trend:
2026-cı il üçün Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan (BTC) istiqamətində Aktau limanından gözlənilən tədarük həcmi 1,6 milyon ton təşkil edir.
Trend bu barədə “KazMunayGas”a (KMG) istinadən xəbər verir.
2025-ci ildə BTC vasitəsilə ixrac olunan Qazaxıstan neftinin həcmi 1,3 milyon ton təşkil edib.
KMG-dan bildirilib ki, ötən ilin sonunda Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) sistemi vasitəsilə Qazaxıstan neftinin tədarükünə tətbiq olunan məhdudiyyətlərlə əlaqədar olaraq, neftin “KazTransOil” ASC-nin (KTO) sistemi üzərindən digər ixrac marşrutlarına yönləndirilməsi istiqamətində işlər görülüb.
Təxminən 300 min ton neft KTO sistemi ilə sonrakı ixrac istiqamətinə (Almaniya, Çin, Bakı–Tbilisi–Ceyhan, Novorossiysk və Ust-Luqa limanları vasitəsilə) göndərilmək üçün yönləndirilib.
Şirkətdə qeyd edilib ki, 2026-cı ilin yanvar ayında da XBKK tərəfindən neftin qəbulunda davam edən məhdudiyyətlər nəzərə alınaraq, yönləndirmə tədbirləri davam etdiriləcək.
Xatırladaq ki, 2025-ci il noyabrın 29-da XBKK-nin Novorossiysk limanı ərazisində yerləşən dəniz infrastruktur obyektlərinə ekipajsız üzən vasitələrlə hücum edilib. Hücum nəticəsində uzaqdan yükləmə qurğusu VPU-2 ciddi zədələnib. Aqreqat tam təmir-bərpa işləri aparılanadək istismardan çıxarılıb.
Bu il, yanvarın 13-də isə Qara dəniz akvatoriyasında Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalına doğru hərəkət edən üç tankere pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib.
