...

Hindistan zikh inancına mənsub kişi, qadın və uşaqlara qarşı amansız zorakılıq nümayiş etdirir - Federasiya sədri

Cəmiyyət Materials 16 Yanvar 2026 10:17 (UTC +04:00)
Hindistan zikh inancına mənsub kişi, qadın və uşaqlara qarşı amansız zorakılıq nümayiş etdirir - Federasiya sədri
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın faktiki olaraq Britaniya müstəmləkə layihəsi kimi yaradıldığını da unutmaq olmaz. Lakin burada həmrəylik içində dayandığımız zaman, müxtəlif mənşələrdən olan digər xalqları da xatırlamaya bilmərik.

Trend xəbər verir ki, bunu Zikh federasiyasının sədri Bual Moninder Sinq bu gün Bakıda keçirilən “Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda bildirib.

“Hindistanda min illərdir kastaya əsaslanan ayrı-seçkiliyə məruz qalan dalitlərdən tutmuş, onilliklərdir sağçı Hindutva qrupları tərəfindən icma zorakılığına məruz qalan müsəlmanlara, dünyanın ən çox hərbiləşdirilmiş bölgəsi olan Kəşmirin işğalına, eləcə də bütün Hindistan boyunca dini inanclarına görə mütəmadi olaraq hədəf alınan xristianlara qədər. Bütün bunlar Hindistanın bərabər müdafiəni təmin etdiyini iddia etdiyi konstitusiyası altında inkar edilir. Kağız üzərində bu hüquqlar təmin oluna bilər, lakin praktikada bu təminatlar olduqca ciddi şəkildə çatışmır”, - o əlavə edib.

Bual Moninder Sinq bildirib ki, bu icmalar arasında sikhlər xüsusilə ağır bir yük daşıyırlar:

“1984-cü il faciəsini anlamaq üçün onun köklərinə nəzər salmaq lazımdır. Sikhlərə qarşı bu zorakılığın əsasları siyasi fürsətçilik, dövlət repressiyası, eləcə də sikh kimliyinin və istəklərinin inkarının birləşməsindən qaynaqlanır. Bunun üçün Hindistan Konstitusiyasının 25B maddəsinə baxmaq kifayətdir. Həmin maddədə sikhlər, buddistlər və caynlar ayrıca statusa malik deyil, Hindu dininin qolları kimi təqdim olunurlar. Bu isə konstitusion hüquq müstəvisində kimliyin tam silinməsi deməkdir. Eyni zamanda, həmin 25B maddəsinin tətbiqi son onilliklər ərzində sikh xalqına qarşı tətbiq edilən ifrat zorakılıqla müşayiət olunur”.

O vurğulayıb ki, dialoqa və konstruktiv yanaşmaya üstünlük vermək əvəzinə, Hindistan dövləti hərbiləşmə, insan hüquqlarının pozulması, qətliamlar və sikh inancına mənsub kişi, qadın və uşaqlara qarşı amansız zorakılıqla cavab verir:

“1984-cü ildə həyata keçirilən “Mavi Ulduz” əməliyyatı zamanı ordunun sikh xalqının ən müqəddəs məbədi olan Qızıl Məbədə hücumu sikh toplumunun psixologiyasında dərin yaralar açdı və bu hadisə Pəncab ştatı üçün daha geniş muxtariyyət tələbindən çıxaraq, Xalistanın tam azadlıq və suverenliyin yaradılması hərəkatının başlanğıcı oldu.

1984-cü il oktyabrın 31-də Baş nazir İndira Qandinin qətlə yetirilməsi sonradan baş verənlər üçün bəhanəyə çevrildi. Ardınca gələn günlərdə Dehli və digər şəhərləri genosid bürüdü. Siyasətçilər tərəfindən təqdim edilən seçici siyahıları ilə silahlanan dəstələr sikh evlərinə hücum etdilər, sikh kişiləri yandırdılar, sikh uşaqlarını öldürdülər, sikh qadınlarını zorladılar. Bu, Hindistan dövlətinin özünün başladığı genosid prosesini tamamlamaya yönəlmiş genişmiqyaslı bir cəhd idi”.

Zikh(sikh) federasiyasının sədri qeyd edib ki, bu günə qədər, hadisələrdən 40 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu zorakılıqlara görə məsuliyyət daşıyan şəxslər cəzasız qalırlar. Onların bir çoxu hazırda Hindistan hökumətində ən yüksək vəzifələrdə təmsil olunurlar.

“Hindistan dövləti isə 1984-cü il genosidinin qurbanlarına hər hansı bir məhkəmə ədalətinin təmin edilməsi istiqamətində heç bir məsuliyyət götürməyib. Hindistanın dünyaya təqdim etdiyi bu hadisə təsviri həqiqəti əks etdirmir. Rəsmi olaraq bu hadisələr “iğtişaş” adlandırılır. Halbuki iğtişaş iki bərabər tərəfin qarşıdurması deməkdir. Burada isə güclü bir dövlətin bütün mexanizmi işə salınmışdı: seçici siyahıları kütlələrə paylanmış, polis ya kənardan seyr etmiş, ya da zorakılıqda iştirak etmiş, günlərlə isə heç bir ordu, hərbi və ya təhlükəsizlik qüvvəsi sülhü bərpa etmək üçün müdaxilə etməmişdi. Zorakılığın davam etməsinə bilərəkdən şərait yaradılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti