Çernobıl faciəsinin 40-cı ildönümü ilə bağlı tədbirlər keçirilib (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2026 14:25 (UTC +04:00)
Çernobıl faciəsinin 40-cı ildönümü ilə bağlı tədbirlər keçirilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

1986-cı il aprelin 26-da Ukrayna ərazisində yerləşən Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayış və yanğın müasir tarixdə ən ağır texnogen qəzalar sırasında yer alır. Hadisə nəticəsində stansiyanın dördüncü enerji blokunda yerləşən reaktor ciddi zədələnib, nəzarətsiz zəncirvari reaksiya fonunda böyük həcmdə radioaktiv maddələr atmosferə buraxılıb.

Trend xəbər verir ki, qəzanın ilk günlərində radiasiya buludu sürətlə geniş əraziyə yayılaraq təkcə yaxın regionları deyil, Avropanın bir sıra ölkələrini də əhatə edib. Bu proses bir neçə gün davam etsə də, radioaktiv çirklənmənin təsiri uzun illər ərzində hiss olunub.

Hadisə həm insan sağlamlığı, həm də ətraf mühit üçün ciddi nəticələr doğurub, minlərlə insanın təxliyəsinə səbəb olmuş və böyük ərazilər uzun müddət yaşayış üçün yararsız vəziyyətə düşüb. Çernobıl faciəsi sonradan nüvə təhlükəsizliyi sahəsində beynəlxalq yanaşmaların yenidən nəzərdən keçirilməsinə və daha sərt nəzarət mexanizmlərinin tətbiqinə təkan verib.

Aprelin 22-də “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin üzvləri və Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev hadisənin növbəti ildönümü ilə bağlı Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüblər.

Görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və görkəmli həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.

İctimai Birliyin üzvləri Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüblər.

Ukrayna Səfiri Yuri Qusev Trend-ə açıqlamasında 40 il əvvəl baş vermiş Çernobıl faciəsinin aradan qaldırılmasında iştirak edən azərbaycanlılara minnətdaralığını bildirib. Səfir həmçinin o dövrdə ümumilli lider Heydər Əliyevin xüsusi rolunu yad edib, ağır günlərdə xalqlarımızın nümayiş etdirdiyi birlik və qarşılıqlı dəstəyi yüksək qiymətləndirib.

“Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri açıqlamasında bildirib ki, 26 aprel 1986-cı ildə baş vermiş Çernobıl faciəsindən 40 il ötür.

"Həmin fəlakətin hər detalı ağlımızdadır. 1990-cı ildə çernobılçılar artıq öz hüquqlarının müdafiəsi istiqamətində addım atmalı oldular. Bununla əlaqədar müvafiq qurumlara müraciət edildi. Nəticədə respublikada “Azərbaycan Çernobıl Əlilləri İttifaqı”nın formalaşması zərurəti yarandı. Çernobılçılara güzəştlərlə bağlı ilk qərar 1990-cı ildə qəbul edilib. Sonrakı mərhələlərdə də çernobılçılara güzəştlərlə bağlı qanunvericilik aktları tərtib edildi, lakin aktlar kifayət qədər çernobılçıların hüquqlarını müdafiə edə bilmirdi. Bu səbəbdən hüquqlarımızla bağlı yeni qanun layihəsinin təqdimatı zərurətini gördük. 1992-ci ildə həmin qanun layihəsini təqdim etdik,lakin qanun layihəsinə qarşı çıxıldı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində çernobılçılar olaraq ona müraciət ünvanladıq. Məhz Ulu Öndərin təşəbbüsü ilə həmin qanun layihəsi Milli Məclisdə 6 dekabr 1993-cü ildə qəbul olundu. Qanunvericilik aktı Çernobıl qəzasında iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkənlərin status və sosial müdafiəsi haqqında qanundur. Bu qanun layihəsi çernolçıların problemlərinin həllində önəmli rol oynayır. Prezident İlham Əliyevin 9 sentyabr 2008-ci ildə imzaladığı fərmanla Çernobıl əlillərinə müharibə əlilləri kimi Prezident təqaüdü təyin edildi. Bu günədək Çernobıl əlillələri həm Prezident, həm də pensiya təqaüdü ilə təmin edilir.

Prezident İlham Əliyevin 25 yanvar 2021-ci ildə imzaladığı fərmanla şəhid ailələri və müharibə əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər gücləndirildi. Çernobıl əlilləri də bu fərmana aid edildi və indiyədək 450 çernobıl ailəsi mənzillə təmin edilib. Ümumilikdə çernobıl əlillərinin sosial rifahının artırılması istiqamətində atılan addımlar qənaətbəxşdir, həmçinin keçmiş SSRİ ölkələrindən çox fərqli və üstündür".

“Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin üzvləri Fəxri və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra birliyin Çernobıl AES-də baş vermiş qəzanın 40-cı ildönümü münasibətilə tədbiri keçirilib.

Tədbirdə Respublika Çernobıl Əliləri İttifaqı Birliyinin sədri Mirhəsən Həsənov və digər çernobılçılar, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli iştirak ediblər.

“Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov tədbirdə çıxışı zamanı bildirib ki, Çernobıl faciəsindən sonra təxminən 2 mindən çox azərbaycanlı uşaq müxtəlif xəstəliklərlə dünyaya gəlib.

Onun sözlərinə görə, faciənin nəticələrinin aradan qaldırılması üçün 8 min 500-dən artıq azərbaycanlı prosesə cəlb olunub.

C. Xəlilov çıxışında bildirib ki, Azərbaycan dövləti Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərə, xüsusilə bu prosesdə əlil olmuş insanlara daim diqqət və qayğı göstərir.

“Azərbaycanlı çernobılçılara faciənin qarşısının alınmasında iştirak etdikləri üçün təşəkkürümü bildirirəm. Belə faciə dünya ölkələrindən Yaponiya və Ukraynada olub. Çernobılçıların övladları da öz atalarının yolunu gedərək 44 günlük Vətən müharibəsində iştirak ediblər”.

R. İskəndərli isə faciə nəticəsində sağlamlığını itirən şəxslərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülə biləcək tədbirlərlə bağlı fikirlərini səsləndirib.

"Ümumilli lider Heydər Əliyevin Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin statusu, həmçinin sosial rifahının yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsi üçün qanunvericilik çərçivəsinin müəyyən olunmasında böyük xidmətləri olub. İndidə Ümumilli Liderin həmin siyasəti davam etdirilir. Bu ittifaq Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında aktiv rol oynayır.

İttifaq həmçinin Azərbaycanın ictimai-siyasi həyatşnda da aktiv rol oynayır".

R.İskəndərli əlavə edib ki, iki gün sonra Mirhəsən Həsənovla birlikdə Milli Qeyri Hökumət Təşkilatları Forumu olaraq ictimai dinləmə təşkil ediləcək. Bu, “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin silsilə tədbirlərinin davamı olaraq həyata keçiriləcək.

Tədbirin sonunda "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin (İB) sədri Mirhəsən Həsənov səsvermə nəticəsində yenidən İB-in sədri seçilib. Birlik üzvləri yekdilliklə Mirhəsən Həsənovun növbəti dəfə sədrliyi üçün səs veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti