Mərkəzi Banka yeni səlahiyyət verilir

Cəmiyyət Materials 22 Aprel 2026 14:10 (UTC +04:00)
Mərkəzi Banka yeni səlahiyyət verilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə icarəsi fəaliyyəti üzrə tənzimləmə və nəzarət Mərkəzi Bank tərəfindən həyata keçiriləcək.

Trend-in məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Maliyyə icarəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs və ya xarici hüquqi şəxsin yerli filialı maliyyə icarəsi fəaliyyətini Mərkəzi Bank tərəfindən aparılan maliyyə icarəsi verənlərin reyestrinə (bundan sonra – reyestr) daxil edildikdən sonra həyata keçirə biləcək. Reyestrə daxil edilmə üçün “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəniləcək.

Maliyyə icarəsi fəaliyyətini həyata keçirən hüquqi şəxs minimum nizamnamə kapitalına və öz vəsaitlərinə (xarici hüquqi şəxsin yerli filialı həmin vəsaitlərə bərabər tutulmuş vəsaitlərə) malik olmalıdır. Maliyyə icarəsi fəaliyyətini həyata keçirən hüquqi şəxsin nizamnamə kapitalının (xarici hüquqi şəxsin yerli filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin) minimum məbləği və formalaşdırılması, habelə öz vəsaitlərinin (xarici hüquqi şəxsin yerli filialının həmin vəsaitlərə bərabər tutulmuş vəsaitlərinin) hesablanması qaydası, strukturu və tərkibi Mərkəzi Bank tərəfindən müəyyən ediləcək.

İcarəyə verənlə aidiyyəti olan şəxslər arasında əqdlərin bağlanılması Mülki Məcəllə ilə tənzimlənəcək. Bir və bütün aidiyyəti şəxslərlə bağlanılan maliyyə icarəsi müqavilələrinin maksimum məbləği və həmin şəxslərlə aparılan əməliyyatlara dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən ediləcək.

İcarəyə verən bir icarəçi və ya bir-biri ilə əlaqədar icarəçilər qrupu üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən kredit risklərinin maksimum miqdarına dair tələblərə əməl etməlidir.

İcarəyə verən maliyyə icarəsi fəaliyyəti ilə bağlı həyata keçirdiyi əməliyyatlar, risklərin idarə olunması və maliyyə icarəsi fəaliyyəti üzərində nəzarətə dair daxili qaydalara malik olmalıdır.

İcarəyə verənlər hər bir icarəçi haqqında məlumatı Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə, habelə “Kredit büroları haqqında” Qanuna əsasən fəaliyyətdə olan azı bir kredit bürosuna təqdim etməlidirlər.

İcarəyə verən maliyyə icarəsi fəaliyyətindən başqa qanunla qadağan edilməyən digər fəaliyyətlə də məşğul ola bilər.

Bu Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.

Qeyd edək ki, yeni Qanunda milli qanunvericilikdə istifadə olunan “lizinq” termini (anlayışı) “maliyyə icarəsi” termini (anlayışı) ilə əvəz ediləcək (adlandırılacaq).

Belə ki, maliyyə icarəsi maliyyə icarəsi verən tərəfindən maliyyə icarəsi obyektinin maliyyə icarəsi alanın sahibliyinə və istifadəsinə verilməsini nəzərdə tutan və aşağıdakı meyarlardan bir və ya bir neçəsinə cavab verən icarə hesab ediləcək:

  • maliyyə icarəsi müqaviləsində maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi obyektinin maliyyə icarəsi alanın mülkiyyətinə verilməsi, yaxud maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi alanın maliyyə icarəsi obyektini müəyyən edilmiş və ya əvvəlcədən güman edilən qiymətə almaq hüququ müəyyən edilib;
  • maliyyə icarəsi müddəti maliyyə icarəsi obyektinin istismar müddətinin 75 faizindən artıqdır;
  • maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi obyektinin qalıq dəyəri maliyyə icarəsinin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır;
  • maliyyə icarəsi müddəti ərzində ödəniləcək maliyyə icarəsi ödənişlərinin məbləği maliyyə icarəsi obyektinin maliyyə icarəsinin əvvəlinə olan bazar qiymətinin azı 90 faizinə bərabər və ya ondan artıqdır;

Geriyə maliyyə icarəsi maliyyə icarəsi müqaviləsinə görə maliyyə icarəsi obyektinin satıcısı qismində maliyyə icarəsi alanın özünün olduğu və maliyyə icarəsi müqaviləsinin müddəti bitdikdən sonra maliyyə icarəsi alanın maliyyə icarəsi obyekti üzərində mülkiyyət hüququnu əldə etmək öhdəliyini şərtləndirən maliyyə icarəsi hesab ediləcək.

Maliyyə icarəsi fəaliyyəti maliyyə icarəsi verənin öz vəsaiti və (və ya) cəlb edilmiş vəsait hesabına maliyyə icarəsi obyektinin maliyyə icarəsinə verilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti hesab ediləcək.

Maliyyə icarəsi alan (icarəçi) maliyyə icarəsi müqaviləsinə əsasən maliyyə icarəsi ödənişləri müqabilində, müəyyən müddətə və müvafiq şərtlərlə maliyyə icarəsi obyektini sahibliyə və istifadəyə qəbul edən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs hesab ediləcək.

Maliyyə icarəsi verən (icarəyə verən) maliyyə icarəsi müqaviləsinin şərtlərinə əsasən satıcıdan əldə etdiyi maliyyə icarəsi obyektini maliyyə icarəsi ödənişləri müqabilində icarəçinin sahibliyinə və istifadəsinə verən kommersiya hüquqi şəxsi və ya xarici kommersiya hüquqi şəxsinin yerli filialı hesab ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti