Maliyyə icarəsi zamanı borclunun əmlak münasibətlərinin xüsusiyyətləri müəyyənləşəcək

Cəmiyyət Materials 22 Aprel 2026 14:18 (UTC +04:00)
Maliyyə icarəsi zamanı borclunun əmlak münasibətlərinin xüsusiyyətləri müəyyənləşəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə icarəsi zamanı borclunun əmlak münasibətlərinin xüsusiyyətləri müəyyənləşir.

Trend-in məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Müflisləşmə və iflas haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, borclu maliyyə icarəsi alanın öhdəlikləri üzrə kreditorların, o cümlədən təminatlı kreditorların tələbləri borclu maliyyə icarəsi alanın sahibliyində və istifadəsində olan maliyyə icarəsi obyektinə yönəldilə bilməz.

Maliyyə icarəsi verən borclu maliyyə icarəsi alanın sahibliyində və istifadəsində olan maliyyə icarəsi obyektini bildiriş əsasında geri götürə bilər. Əmlak inzibatçısı maliyyə icarəsi verənlə qarşılıqlı razılaşmaya əsasən maliyyə icarəsi ödənişlərinin ümumi dəyərinin maliyyə icarəsi müqaviləsi üzrə ödənilməmiş hissəsinin vaxtından əvvəl ödənilməsi və maliyyə icarəsi obyektinin borclu maliyyə icarəsi alanın mülkiyyətinə keçirilməsi ilə bağlı tədbirlər görə bilər.

Borclu maliyyə icarəsi verənin öhdəlikləri üzrə maliyyə icarəsi alanın sahibliyində və istifadəsində olan maliyyə icarəsi obyektinə dair kreditorların, o cümlədən təminatlı kreditorların tələbləri yalnız maliyyə icarəsi verənin “Maliyyə icarəsi haqqında” Qanundan və maliyyə icarəsi müqaviləsindən irəli gələn hüquqlarına yönəldilmiş hesab olunur. Bu halda tələbləri təmin edilmiş kreditorlara maliyyə icarəsi verənin vəzifələri də keçir.

Bu Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.

Qeyd edək ki, yeni Qanunda milli qanunvericilikdə istifadə olunan “lizinq” termini (anlayışı) “maliyyə icarəsi” termini (anlayışı) ilə əvəz ediləcək (adlandırılacaq).

Belə ki, maliyyə icarəsi maliyyə icarəsi verən tərəfindən maliyyə icarəsi obyektinin maliyyə icarəsi alanın sahibliyinə və istifadəsinə verilməsini nəzərdə tutan və aşağıdakı meyarlardan bir və ya bir neçəsinə cavab verən icarə hesab ediləcək:

  • maliyyə icarəsi müqaviləsində maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi obyektinin maliyyə icarəsi alanın mülkiyyətinə verilməsi, yaxud maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi alanın maliyyə icarəsi obyektini müəyyən edilmiş və ya əvvəlcədən güman edilən qiymətə almaq hüququ müəyyən edilib;
  • maliyyə icarəsi müddəti maliyyə icarəsi obyektinin istismar müddətinin 75 faizindən artıqdır;
  • maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi obyektinin qalıq dəyəri maliyyə icarəsinin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır;
  • maliyyə icarəsi müddəti ərzində ödəniləcək maliyyə icarəsi ödənişlərinin məbləği maliyyə icarəsi obyektinin maliyyə icarəsinin əvvəlinə olan bazar qiymətinin azı 90 faizinə bərabər və ya ondan artıqdır;

Geriyə maliyyə icarəsi maliyyə icarəsi müqaviləsinə görə maliyyə icarəsi obyektinin satıcısı qismində maliyyə icarəsi alanın özünün olduğu və maliyyə icarəsi müqaviləsinin müddəti bitdikdən sonra maliyyə icarəsi alanın maliyyə icarəsi obyekti üzərində mülkiyyət hüququnu əldə etmək öhdəliyini şərtləndirən maliyyə icarəsi hesab ediləcək.

Maliyyə icarəsi fəaliyyəti maliyyə icarəsi verənin öz vəsaiti və (və ya) cəlb edilmiş vəsait hesabına maliyyə icarəsi obyektinin maliyyə icarəsinə verilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti hesab ediləcək.

Maliyyə icarəsi alan (icarəçi) maliyyə icarəsi müqaviləsinə əsasən maliyyə icarəsi ödənişləri müqabilində, müəyyən müddətə və müvafiq şərtlərlə maliyyə icarəsi obyektini sahibliyə və istifadəyə qəbul edən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs hesab ediləcək.

Maliyyə icarəsi verən (icarəyə verən) maliyyə icarəsi müqaviləsinin şərtlərinə əsasən satıcıdan əldə etdiyi maliyyə icarəsi obyektini maliyyə icarəsi ödənişləri müqabilində icarəçinin sahibliyinə və istifadəsinə verən kommersiya hüquqi şəxsi və ya xarici kommersiya hüquqi şəxsinin yerli filialı hesab ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti