Bakı.Trend:
Bakı metropolitenində qatarların hərəkəti ənənəvi iş günləri qrafikinə uyğun tam bərpa olunub və sistem tam gücü ilə fəaliyyət göstərir.
Trend xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, bütün xətlər üzrə hərəkət stabil təşkil edilir.
“Qatarlar mövcud texniki imkanlar çərçivəsində ən sıx qrafiklə işləyir. Texniki sistemlər üzərində nəzarət gücləndirilib, monitorinq fasiləsiz davam edir”,- deyə məlumatda bildirilib.
xxx
11:40
Bakı Metropolitenində qatarların hərəkəti bütün xətlər üzrə şənbə günü qrafikinə uyğun təşkil olunub, hazırda stansiyalar üzrə hərəkət intervalları tam şəkildə əvvəlki rejimə qaytarılmayıb.
“Bakı Metropoliteni” QSC-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, intervalların bərpası istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Qurumdan qeyd olunub ki, texniki dəyişikliklərlə bağlı zəruri addımlar atılır və əsas məqsəd qatarların dayanıqlı fəaliyyətini təmin etməklə sərnişin təhlükəsizliyini ən yüksək səviyyədə qorumaqdır.
Xatırladaq ki, aprelin 21-də saat 12:10 radələrində metropolitenin fəaliyyətində texniki nasazlıq yaranmış, bu səbəbdən bütün stansiyalara giriş müvəqqəti dayandırılmışdı. Təxminən bir saat sonra nasazlıq aradan qaldırılmış və sərnişinlərin stansiyalara girişi bərpa edilmişdi.
