Bakı. Trend:
2026-cı ilin birinci rübü üzrə funksional təsnifata uyğun olaraq müdafiə və milli təhlükəsizlik xərcləri 1 milyard 288,5 milyon manat icra edilib.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə müdafiə və milli təhlükəsizlik xərcləri 36,5 faiz və ya 739,4 milyon manat azalıb.
Bundan başqa, hesabat dövründə funksional təsnifata uyğun olaraq sosial müdafiə və sosial təminat xərcləri 1 milyard 315,8 milyon manat, kənd təsərrüfatı xərcləri 308,7 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 1 milyard 206,8 milyon manat, təhsil xərcləri 1 milyard 13,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclər 654,8 milyon manat, səhiyyə xərcləri 366,6 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 105,0 milyon manat, iqtisadi fəaliyyət xərcləri 1 milyard 231,4 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 47,5 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 55,1 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərclər 223,2 milyon manat icra edilib.
Ümumilikdə, 2026-cı ilin I rübündə dövlət büdcəsinin xərcləri 7817,1 milyon manat məbləğində icra edilməklə illik proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 18,7 faizinə bərabər olub.
Cari ilin I rübündə dövlət büdcəsi xərclərinin 5762,5 milyon manatı və ya 73,7 faizi cari xərclərə, 1530,4 milyon manatı və ya 19,6 faizi əsaslı xərclərə, 524,2 milyon manatı və ya 6,7 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə sərf edilib.
Bu ilin I rübündə dövlət büdcəsi xərclərinin 54,1 faizi və ya 4227,8 milyon manatı sosialyönlü xərclərin (büdcə xərclərinin əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) maliyyələşdirilməsinə yönəldilib.
