Səhiyyə naziri Astanada Regional Ekoloji Sammit çərçivəsində keçirilən sessiyada çıxış edib (FOTO)

Gündəm Materials 23 Aprel 2026 10:10 (UTC +04:00)
Səhiyyə naziri Astanada Regional Ekoloji Sammit çərçivəsində keçirilən sessiyada çıxış edib (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı.Trend:

Qazaxıstanın paytaxtı Astana şəhərində Regional Ekoloji Sammit keçirilir. Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev sammitdə iştirak edib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sammit çərçivəsində “Gələcək nəsillərin qorunması: sağlamlıq ekoloji gündəliyin mərkəzində – Aralətrafı ərazilər və Xəzər regionu üzrə çıxarılan dərslər və həll yolları” mövzusunda nazirlərin panel sessiyası sessiyası keçirilib. Tədbirin açılışında Qazaxıstan Respublikasının Baş nazirinin müavini Aida Balayeva və Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus çıxış ediblər. Panel sessiyasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge Aral regionunda sağlamlıq və dayanıqlı inkişaf üzrə Yol Xəritəsinin təqdimatını edib.

Azərbaycan Respublikasının səhiyyə naziri sammit çərçivəsində keçirilən nazirlər səviyyəsində panel sessiyasında “Aral və Xəzərətrafı ərazilərin sağlam gələcəyi naminə siyasi dəstək və regional öhdəliklər” mövzusunda çıxış edib.

Teymur Musayev qeyd edib ki, qlobal istiləşmə su hövzələrinin istilik strukturunu və oksigen səviyyəsini dəyişərək su biomüxtəlifliyinə birbaşa təsir göstərir: “Bu təsirlər yalnız ekoloji deyil, eyni zamanda ciddi ictimai sağlamlıq riskləri yaradır. Əhali çirklənmiş suya daha çox məruz qalır ki, bu da mədə-bağırsaq xəstəliklərinin, kimyəvi zəhərlənmələrin və uzunmüddətli sağlamlıq fəsadlarının artmasına səbəb olur”.
Nazir vurğulayıb ki, ətraf mühitin çirklənməsinin insan sağlamlığına təsirinin azaldılması Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir: “Prezident İlham Əliyevin rəhbərliyi altında Bakıda keçirilmiş COP29 iqlim və sağlamlıq gündəmlərinin sıx bağlı olduğunu bir daha nümayiş etdirib”.

Teymur Musayev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə üzrə hava keyfiyyətinin monitorinqinin həyata keçirildiyini də diqqətə çatdırıb.
Xəzər dənizinin su keyfiyyəti ilə bağlı məsələdə səhiyyə naziri regional və sərhədlərarası əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib: “Qapalı su hövzələri ortaq resurslar olduğu üçün onların idarə olunması koordinasiyalı yanaşma tələb edir. Xəzər dənizinin sahilboyu ərazilərində biomüxtəlifliyin qorunması üçün tətbiq edilən əsas strategiyalardan biri xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və effektiv idarə olunmasıdır. Hazırda Azərbaycanın sahil zonasında dörd Milli Park fəaliyyət göstərir”.

Regional Ekoloji Sammit çərçivəsində keçirilən sessiyada Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanın səhiyyə nazirləri də çıxış ediblər.

Tədbirin yekunu olaraq Mərkəzi Asiya ölkələri və Azərbaycan tərəfindən birgə bəyanat qəbul edilib. Bu sənəd regionda iqlim dəyişiklikləri, ətraf mühit və insan sağlamlığının qorunması istiqamətində birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.

Sammit çərçivəsində ikitərəfli görüşlər keçirilib, ətraf mühit və sağlamlıq sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş müzakirələr aparılıb, Qazaxıstanın aparıcı tibb müəssisələrinə tanışlıq səfərləri təşkil olunub.

Tədbir səhiyyə və ətraf mühit sahələrində regional əməkdaşlığın gücləndirilməsi və birgə təşəbbüslərin təşviqi baxımından mühüm beynəlxalq platforma kimi qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti