“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılmasının 3-cü ildönümü: suverenliyin təminində mühüm mərhələ

Cəmiyyət Materials 23 Aprel 2026 10:04 (UTC +04:00)
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılmasının 3-cü ildönümü: suverenliyin təminində mühüm mərhələ
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 23-ü Azərbaycanın müasir tarixində mühüm hadisələrdən birinin – “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü kimi qeyd olunur. 2026-cı ildə bu əlamətdar hadisənin artıq üçüncü ili tamam olur.

2023-cü il aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Laçın-Xankəndi yolunun başlanğıcında strateji əhəmiyyətli bu məntəqənin yaradılması dövlət sərhədlərinə nəzarətin gücləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi baxımından mühüm addım idi.

Həmin gün yeni yaradılmış məntəqədə Azərbaycan Bayrağının ucaldılması mərasimi keçirildi. Bu mərasim təkcə rəmzi xarakter daşımır, eyni zamanda Azərbaycanın öz suveren ərazilərində tam hüquqlu nəzarətini bərpa etdiyini nümayiş etdirirdi. Dövlət sərhədindən buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə edilməsi isə bu addımın strateji və siyasi baxımdan yüksək önəm daşıdığını göstərdi.

Prezident İlham Əliyev çıxışında vurğulamışdı ki, “Laçın-Xankəndi yolunun başlanğıcında dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququnun və ərazi bütövlüyünün təmin olunmasının ifadəsidir”. Bu fikir əslində həyata keçirilən addımın mahiyyətini dolğun şəkildə əks etdirir. Buraxılış məntəqəsinin yaradılması ilə Azərbaycan öz sərhədlərinə nəzarəti tam şəkildə təmin etməklə yanaşı, regionda hüquqi və faktiki reallıqları da möhkəmləndirdi.

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyətə başlaması konkret nəticələrlə müşayiət olundu. Belə ki, bu nəzarət mexanizmi vasitəsilə Xocalıda və əvvəllər işğal altında olmuş digər ərazilərdə cinayət törətmiş bəzi şəxslərin saxlanılması və istintaqa təhvil verilməsi təmin edildi. Bu fakt bir daha göstərdi ki, məntəqənin fəaliyyəti yalnız inzibati və logistika xarakteri daşımır, həm də hüquq-mühafizə və ədalətin təmin olunması baxımından mühüm rol oynayır.

Eyni zamanda, buraxılış məntəqəsinin qurulması regionda təhlükəsizlik mühitinin möhkəmləndirilməsinə, qanunsuz fəaliyyətlərin qarşısının alınmasına və dövlət nəzarətinin effektiv təşkilinə xidmət edir. Bu addım Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini daha da gücləndirərək, ölkənin suverenlik prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi.

Üç il ərzində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi öz funksionallığını və əhəmiyyətini tam şəkildə sübut edib. Bu məntəqə həm təhlükəsizlik, həm hüquqi nəzarət, həm də dövlət suverenliyinin praktik təminatı baxımından mühüm mexanizmə çevrilib. Onun fəaliyyəti Azərbaycanın ərazi bütövlüyünün qorunması və möhkəmləndirilməsi istiqamətində atılan addımların ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərir.

Bu gün qeyd olunan 3-cü ildönümü təkcə bir infrastruktur obyektinin yaradılması ilə bağlı deyil, eyni zamanda Azərbaycanın dövlətçilik tarixində suverenliyin bərpası və möhkəmləndirilməsi istiqamətində atılmış prinsipial addımın xatırlanmasıdır. “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi bu baxımdan həm siyasi, həm hüquqi, həm də strateji əhəmiyyətə malik mühüm simvol kimi qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti