Bakıda Xəzər və Mərkəzi Asiya üzrə neft ticarəti və logistika Forumunun ilk günü yekunlaşıb (FOTO) (YENİLƏNİB)

İqtisadiyyat Materials 23 Aprel 2026 10:22 (UTC +04:00)
Bakıda Xəzər və Mərkəzi Asiya üzrə neft ticarəti və logistika Forumunun ilk günü yekunlaşıb (FOTO) (YENİLƏNİB)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Xəzər və Mərkəzi Asiya regionlarında neftin ticarəti və logistikasına həsr olunmuş İkinci Forumunun ilk günü yekunlaşıb.

Trend xəbər verir ki, forumun gündəliyi dəyişən qlobal mühitdə nəqliyyat və infrastruktur, maliyyə aspektləri və əməliyyatları, eləcə də ticarət strategiyaları daxil olmaqla əsas sahələri əhatə edir.

“SOCAR Trading” şirkətinin ticarət əməliyyatları üzrə icraçı direktor vəzifəsini icra edən Tağı Tağızadə çıxışında bildirib ki, Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə neft təchizatının genişləndirilməsi üçün Qazaxıstan tərəfindən həcmlərin artırılması zəruridir.

“Qazaxıstan nefti BTC marşrutu ilə nəql edir, belə ki, dəyər baxımından fərqlərin mövcudluğunu qəbul edir. Burada marşrutun keyfiyyəti, çatdırılma müddəti, daşınma xərcləri, qiymətqoyma strukturu, sığorta xərcləri və digər amillər nəzərdə tutulur”, – deyə o bildirib.

"SOCAR Trading" nümayəndəsinin sözlərinə görə, bütün bu elementlər həqiqətən mövcuddur və BTC marşrutu region üçün daha təhlükəsiz və daha dəyərli ixrac istiqamətidir və bu statusunu bu gün də qoruyub saxlayır.

Forumda çıxış edən Pakistanın Neft institutunun (Petroleum Institute of Pakistan) baş direktoru Şəhriyar Ömər bildirib ki, yaxın 5–10 il ərzində Mərkəzi Asiya və Azərbaycanın imkanları qərb istiqamətlərinə yox , cənub istiqamətlərinə doğru yönələcək və məhz indi müvafiq infrastruktur və nəqliyyat dəhlizlərinə investisiya yatırmaq zəruridir.

Onun sözlərinə görə, ənənəvi qərb bazarları, o cümlədən Avropa, uzunmüddətli perspektivdə demoqrafik dəyişikliklər və qalıq yanacaqlardan tədricən imtina səbəbindən əhəmiyyətini itirəcək.

"SOCAR Türkiye" şirkətinin müşaviri Mevlüt Çetinkaya isə öz növbəsində bildirib ki, Türkiyə və Qafqaz ölkələri uzunmüddətli perspektivdə neft-kimya sənayesinin mühüm mərkəzinə çevrilə bilər.

Onun sözlərinə görə, enerji daşıyıcılarının qiymətlərinin artması Avropa istehsalçılarının vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirib və onları ABŞ və Asiya ölkələri ilə müqayisədə daha az rəqabətədavamlı edib.

“Nəticədə bir sıra müəssisələr tədricən bazardan çıxır, investisiya fəallığı isə digər regionlara yönəlir. Eyni zamanda, qlobal neft-kimya sənayesi struktur transformasiya mərhələsindən keçir. Asiyada, xüsusilə Çində istehsal güclərinin sürətli artımı müşahidə olunur. Belə ki, əvvəllər milyonlarla ton polipropilen idxal edən ölkə bu gün artıq özü bu məhsulun ixracatçısına çevrilib”, – deyə şirkətin müşaviri bildirib.

Qeyd edək ki, forumun məqsədi regional neft ticarəti və logistikası sahəsində peşəkar dialoqun inkişaf etdirilməsini, təcrübə mübadiləsinin aparılmasını və işgüzar əlaqələrin qurulmasıdır.

Forum sabah da öz işini davam etdirəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti