Bakı. Trend:
Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Quvanc Ağacanov Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlovu qəbul edib.
Bu barədə Trend-ə Azərbaycanın Türkmənistandakı Səfirliyindən məlumat verilib.
Bildirilib ki, səfir Qismət Gözəlov görüş zamanı Quvanc Ağacanovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
Görüşdə Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların ikitərəfli əlaqələrin inkişafında mühüm rolu vurğulanıb.
Tərəflər iki ölkə arasında iqtisadi və enerji, xüsusilə neft-qaz sahələrində mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Birgə Hökumətlərarası Komissiyanın ikitərəfli münasibətlərin möhkəmləndirilməsində və enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində əhəmiyyəti qeyd olunub.
Eyni zamanda, hər iki ölkənin malik olduğu zəngin enerji potensialı və resursları nəzərə alınaraq, bu sahədə tərəfdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlara diqqət çəkilib.
Səfir, həmçinin, Türkmənistanın Çinlə birgə “Qalkınış” qaz yatağının dördüncü mərhələsinin işlənməsinə başlaması münasibətilə təbriklərini çatdırıb. Bu xüsusda, SOCAR-ın prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkmənistanda səfərdə olduğu və sözügedən tədbirlərdə iştirak etdiyi qeyd olunub.
Görüşdə Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin, xüsusilə enerji sahəsində səmərəli və praktiki əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin vacibliyi bir daha vurğulanıb.