Bakı. Trend:
İngiltərənin “Çelsi” klubunun keçmiş sahibi, biznesmen Roman Abramoviç Cersi adasında ona məxsus aktivlərin mənbələrinin araşdırılmasına görə Böyük Britaniya hökumətindən Avropa İnsanq Haqqları Məhkəməsinə şikayət edib.
Trend xəbər verir ki, bu haqda Böyük Britaniyanın “The Times” nəşri sahibkarın vəkillərinə istinadən yazır.
“İttiham irəli sürülmədən, şəffaflıq və etibarlı sübutlar təqdim edilmədən illərlə davam edən istintaq Cersi hökuməti tərəfindən səlahiyyətlərin açıq-aşkar aşılmasıdır və fundamental hüquqların pozulması deməkdir. Hakimiyyət orqanları əsas məlumatları gizlədir və elementar prosedur standartlarını görməzdən gəlir, bu isə onu göstərir ki, bu, legitim hüquqi proses deyil, siyasi motivlərlə şərtlənmiş bir prosesdir. Biz Avropa İnsan Haqqları Məhkəməsinin bu nöqsanları təsdiqləyəcəyini və eyni qənaətə gələcəyini gözləyirik”,- deyə iş adamının nümayəndəsi bildirib.
Qeyd olunur ki, iddia ərizəsi Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsi – ədalətli məhkəmə araşdırması hüququnun pozulması maddəsi üzrə təqdim olunub.
Abramoviç 10 mart 2022-ci ildə Ukraynada baş verən hadisələrlə əlaqədar Birləşmiş Krallığın sanksiya siyahısına daxil edilib, bundan sonra onun Böyük Britaniyadakı aktivləri dondurulub.
