Bakı. Trend:
Tarixi mənbələrin düzgün təhlili və obyektiv elmi metodologiya əsasında dəyərləndirilməsi sosial elmlərin əsas prinsiplərindəndir. Bu yanaşma elmi diskussiyaların və biliklərin dərinləşməsinə xidmət edir.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bu gün Bakıda "Ümumdünya Kitab və Müəllif Hüququ Günü" münasibətilə keçirilən "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqazla əlaqələri" mövzusunda konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, tarixi-mədəni irs xalqın milli kimliyini formalaşdıran əsas amillərdən biridir və onun qorunması beynəlxalq hüquqi məsələdir.
"Təəssüf ki, regionda baş verən proseslər nəticəsində xalqımız zorakılığa və kütləvi köçkünlüyə məruz qalıb. Ötən əsrin sonlarından etibarən baş verən hərbi hadisələr genişmiqyaslı humanitar problemlər yaradıb. İşğal dövründə Azərbaycanın mədəni irs nümunələrinə ciddi ziyan vurulub.
Bu hallar yalnız mədəni irsin deyil, həm də ümumbəşəri dəyərlərin qorunması baxımından ciddi narahatlıq doğurur. Həmin ərazilərdə qeyri-maddi mədəni irs nümunələrinin mənimsənilməsi ilə bağlı problemlər də mövcuddur. Bunların obyektiv qiymətləndirilməsi elmi yanaşma və beynəlxalq hüquq çərçivəsində həyata keçirilməlidir.
Prosesin səmərəliliyinə təsir edən əsas problemlərdən biri də həmin ərazilərdə mövcud olan minalardır ki, bu da bərpa və inkişaf prosesini müəyyən dərəcədə ləngidir.
Əqli mülkiyyət sahiblərinin hüquqlarının qorunması Ombudsman olaraq bizim prioritet istiqamətlərimizdəndir. Bu hüquqların pozulması cəmiyyətin inkişafına da mənfi təsir göstərir. Ermənilər tərəfindən İslam mədəniyyətinə qarşı vandalizm aktlarının həyata keçirildiyini mütəmadi olaraq beynəlxalq təşkilatlara və xarici ölkələrin ombudsmanlarına çatdırmışıq və bunun mənəvi terror kimi qiymətləndirilməsinin vacibliyini vurğulamışıq.
Əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində obyektivlik, elmi yanaşma və beynəlxalq hüquq prinsiplərinə riayət olunması vacibdir", – deyə o qeyd edib.
