“Atəşgah” Sığorta Şirkəti “AtaSığorta”nın ləğvinə münasibət bildirib

İqtisadiyyat Materials 22 Aprel 2026 16:10 (UTC +04:00)
“Atəşgah” Sığorta Şirkəti “AtaSığorta”nın ləğvinə münasibət bildirib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin aprelin 10-dan etibarən “AtaSığorta” ilə vətəndaşlar arasında bağlanmış bütün sığorta müqavilələri “Atəşgah” Sığorta Şirkəti ASC-yə ötürülüb. Bu dəyişiklik nəticəsində, əvvəlki dövr ərzində “AtaSığorta”da sığortalanan vətəndaşlar, hər hansı bir sığorta hadisəsi və ya digər müraciətləri ilə bağlı bundan sonra yalnız “Atəşgah” Sığorta Şirkətinə müraciət etməli olacaqlar.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Atəşgah” Sığorta Şirkəti ASC-dən bildirilib.

“Keçid dövrünün problemsiz həyata keçirilməsi və müştərilərin hüquqlarının tam şəkildə qorunması məqsədilə müvafiq qaydalara tam riayət ediləcəkdir. Şəffaflıq və məlumatlandırma prosesləri müvafiq olaraq təmin ediləcək, müştərilərin hər hansı bir narahatlıq yaşamaması üçün bütün lazımi tədbirlər görüləcək.

Bu ötürülmə prosesi, “Atəşgah” Sığorta Şirkəti ASC üçün bazar mövqeyinin gücləndirilməsi və məhsul portfelinin genişləndirilməsi baxımından mühüm bir fürsət kimi dəyərləndirilir.

Şirkət, müştərilərə daha geniş və rəqabətli sığorta məhsulları təqdim etməyi hədəfləyir və gələcəkdə bu istiqamətdə müvafiq strateji addımlar atmağı planlaşdırır”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, ötən gün Azərbaycan Mərkəzi Bankı tərəfindən “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilib.

Bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 17 aprel 2026-cı il tarixli qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə (Cəmiyyət) sığorta fəaliyyətinə verilmiş 10 noyabr 2009-cu il tarixli, 000300 nömrəli lisenziya ləğv edilib.

"Cəmiyyətin lisenziyasının ləğvi sığorta sektorunun maliyyə dayanıqlılığı və sabitliyinə heç bir təhdid yaratmır.

Ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində Mərkəzi Bank tərəfindən nəzarətdə saxlanılacaqdır", - Mərkəzi Bankın məlumatında vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti