Bakı. Trend:
Xəbər verdiyimiz kimi, aprelin 19-da ictimai nəqliyyatda vəziyyəti qəfil pisləşən şəxs insanların köməkliyi ilə yaxınlıqdakı Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb. Həmin şəxsə elə xəstəxananın həyətindəcə ilkin tibbi yardım göstərilib və ürəyi dayanan xəstə yenidən həyata qaytarılıb. Həkimlərin bu cür peşəkarlıq nümayiş etdirməsi sosial şəbəkə də geniş müzakirə mövzusuna çevrilib.
Trend xəbər verir ki, xəstəyə ilkin müdaxiləni Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar Cerrahiyyesi şöbəsinin Reanimasiya və intensiv terapiya bölməsinin müdiri Gülnarə Şəbiyeva, reanimasiya şöbəsinin həkimi Salatın Babayeva, eləcə də qəbul şöbəsinin həkimləri Kairə Yüzbaşıyeva və Könül Mirzəyeva həyata keçiriblər.
Hadisənin təfərrüatları barədə Reanimasiya və intensiv terapiya bölməsinin müdiri Gülnarə Şəbiyeva və qəbul şöbəsinin həkimi Kairə Yüzbaşıyeva Trend-ə açıqlama veriblər.
Həkimlərin sözlərinə görə, mavi kod elan edilib və mühafizə xidməti tərəfindən təcili yardıma məlumat verilib:
"Mavi kod xəstəxanalarda həyati təhlükə yaradan hallarda tətbiq olunan təhlükəsizlik sistemidir. Xəstə 1964-cü il təvəllüdlüdür, 62 yaşı var. İlkin diaqnoz dəqiqləşdirilməmiş ürək dayanması, ritm pozğunluğu və ürək çatışmazlığı kimi qiymətləndirildi".
Həkimlər qeyd ediblər ki, xəstəyə ilkin müdaxilə 38 dəqiqə davam edib:
"Təcili yardım tərəfindən ilkin müdaxilə xəstəxananın həyətində aparıldıqdan sonra xəstə qəbul şöbəsinə yerləşdirilib. Bütün reanimasion tədbirlər görülüb: xəstə intubasiya olunub, qapalı ürək masajı aparılıb, damar yolu acilib ve venadaxili adrenalin yeridilib,defibrilyasiya tətbiq edilib. EKQ çəkilib və qanda şəkər səviyyəsi yoxlanılıb".
Onların sözlərinə görə, təcrübədə bu cür ağır hallarla demək olar ki, hər növbədə rastlaşılır və müvafiq müdaxilələr edilir:
"Bəzi hallarda müdaxilə yalnız tibbi heyət tərəfindən aparılır,
bəzi hallarda isə reanimasiya komandası ilə birlikdə mavi kod
sistemi vasitəsilə həyata keçirilir. Xəstənin vəziyyəti
qiymətləndirilərkən onun şüuru, tənəffüsü, periferik nəbzləri
yoxlanılır, qıcıqlara və ağrıya reaksiyası
dəyərləndirilir".
İlkin müdaxilə ilə xəstəni həyətdəcə həyata qaytaran həkimlər vurğulayıb ki, cəmiyyət arasında ilkin tibbi yardım biliklərinin artırılması vacibdir:
"Media vasitəsilə profilaktik və maarifləndirici tibbi verilişlərin hazırlanması faydalı olardı. Hər bir insan ilkin yardım göstərməyi bacarmalıdır. Gənclərin bir qismi bu biliklərə sahibdir və həkimlər də bu bacarıqları öz ailələrində öyrədirlər. Müasir dövrdə yol tıxacları səbəbindən xəstəni vaxtında xəstəxanaya çatdırmaq bəzən mümkün olmur, təcili yardım gecikə bilər. Belə hallarda ətrafdakı insanların ilkin yardım göstərməsi həyati əhəmiyyət daşıyır".
Onların sözlərinə görə, həkimlər, əslində qapalı qapılar arxasında çox ağır və məsuliyyətli iş görürlər, görünən isə bu işin yalnız kiçik bir hissəsidir.
