Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycana məhsul idxalının həcmi 4,005 milyard ABŞ dolları təşkil edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, idxalda dövlət sektoru 290,8 milyon dollar, özəl sektor 3,359 milyard dollar, fiziki şəxslər isə 354,6 milyon dollar paya malik olub. 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə dövlət sektoru üzrə 7,6 dəfə, fiziki şəxslərin idxal əməliyyatları üzrə 1,4 dəfə azalma qeydə alınıb. Bunlardan fərqli olaraq, özəl sektor üzrə isə idxal əməliyyatlarında illik müqayisədə 13,7% artım olub.
Hesabat dövründə dövlət sektorunun idxalda xüsusi çəkisi 7,26%, özəl sektorun 83,88%, fiziki şəxslərin isə idxalda payı 8,86%-ə bərabər olub.
Eyni zamanda, bu ilin yanvar-mart aylarında Azərbaycandan məhsul ixracının dəyəri 5,402 milyard ABŞ dolları olub.
Məlumata görə, ixracda dövlət sektoru 2,339 milyard dollar, özəl sektor 3,044 milyard dollar, fiziki şəxslər isə 18,737 milyon dollar paya malik olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 21,5%, 10,1% və 13,5% azalıb.
Hesabat dövründə dövlət sektorunun ixracda xüsusi çəkisi 43,10%, özəl sektorun 56,35%, fiziki şəxslərin isə idxalda payı 0,35%-ə bərabər olub.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9,407 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,642 milyard dollar və ya 21,9% azdır.
Xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın, 4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 984 milyon dollar və ya 15,4%, idxal isə 1,658 milyard dollar və ya 29,3% azalıb.
Yekunda xarici ticarətdə 1,398 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 675 milyon dollar və ya 1,9 dəfə çoxdur.
