Bakı. Trend:
"Kapital Bank"ın sahibkarlara xidmət edən platforması "Birbank Biznes"in müştəriləri 2024-cü illə müqayisədə 43% artaraq 214 000 nəfərə çatıb. Onlardan böyük bir qismi 169 000 nəfəri mikro sahibkarlıqla məşğul olur.
Trend xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev bu gün təmsil etdiyi bankın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən mətbuat konfransında deyib.
“Bu artıma səbəb isə sahibkarların ehtiyaclarına uyğun məhsul və xidmətlər təqdim etməmizdir. Xüsusən də əməliyyatların rəqəmsallaşdırılması, sürətli və rahat olması bizə böyük həcmdə müştəri qazandırıb. Nümunə olaraq qeyd edim ki, 2025-ci ildə məsafədən hesab açan müştərilərimiz 91% təşkil edib. Mikro sahibkarlar kreditlərinin 89.5%-ni, Kiçik və Orta sahibkarlar isə 39%-ni onlayn rəsmiləşdirib. Kiçik və Orta biznes və Korporativ seqment üzrə müştərilərimiz bank köçürmələri və ödənişlərinin 98%-ni Birbank Biznes üzərindən edirlər", - o vurğulayıb.
