...

“Avtomobil yolları” Məqsədli Büdcə Fondunda idarəetmə və xərclərlə bağlı nöqsanlar aşkarlanıb

İqtisadiyyat Materials 21 Aprel 2026 20:28 (UTC +04:00)
“Avtomobil yolları” Məqsədli Büdcə Fondunda idarəetmə və xərclərlə bağlı nöqsanlar aşkarlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Hesablama Palatası 2025-ci il üzrə İş planına uyğun olaraq “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun 2024-cü il üzrə gəlir və xərclərini təhlil edib.

Trend palataya istinadən xəbər verir ki, təhlil nəticəsində məlum olub ki, fondun gəlirləri 330 milyon manat proqnoza qarşı 506,4 milyon manat və ya 153,5% səviyyəsində icra olunub.

Bununla belə, bəzi mənbələr üzrə proqnozlar yerinə yetirilməyib. Xüsusilə sərnişin və yük daşımaları üzrə sadələşdirilmiş vergi və beynəlxalq daşımalar üçün icazə rüsumları üzrə kəsirlər qeydə alınıb. Bunun əsas səbəblərindən biri vergi qanunvericiliyində edilən dəyişikliklərin proqnozlaşdırmada nəzərə alınmaması olub.
Audit həmçinin göstərib ki, bəzi gəlir mənbələri qanunvericilikdən çıxarılsa da, onlar üzrə proqnoz və icra davam etdirilib. Eyni zamanda, iriqabaritli nəqliyyat vasitələrinə tətbiq olunan cərimələr üzrə daxilolmalar ayrıca təsnifatda nəzərdə tutulmayıb.

Yolların vəziyyəti ilə bağlı təhlil göstərib ki, qeyri-asfalt yolların xüsusi çəkisi hələ də yüksəkdir (35,2%), bu isə təhlükəsiz və rahat hərəkət üçün şəraitin tam təmin olunmadığını göstərir.

Xərclərlə bağlı isə bir sıra uyğunsuzluqlar aşkarlanıb. Fondun vəsaitləri əsasən cari xərclərə yönəldilsə də, rəsmi hesabatlarda bu vəsaitlər əsaslı xərclər kimi göstərilib. Bundan əlavə, qaydalarda nəzərdə tutulmadığı halda 19,6 milyon manat bank kreditlərinin ödənilməsinə, eləcə də Agentliyin aparatının saxlanmasına vəsait ayrılıb.

Təhlil zamanı həmçinin müəyyən edilib ki, avtomobil yollarının vahid dövlət reyestri yaradılmayıb, yol siyahıları uzun illər yenilənməyib və struktur bölmələr üzrə xərclərin planlaşdırılması aparılmayıb. Bu isə maliyyə şəffaflığına və planlaşdırmanın effektivliyinə mənfi təsir göstərir.
Bundan başqa, yol təsərrüfatına dəyən ziyanın yalnız 51,3%-nin ödənildiyi, qalan hissənin isə hələ də bərpa olunmadığı qeyd olunub.

Sonda vurğulanıb ki, fondun gəlir mənbələrinin azaldılması və bəzi mənbələrin digər fondlarla bölüşdürülməsi onun mövcudluğunun metodoloji aktuallığı ilə bağlı suallar yaradır.

Hesablama Palatasının Kollegiyası aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilməsi barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti