Bakı. Trend:
Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üzrə İş planına uyğun olaraq 01.01.2022–01.04.2025-ci illəri əhatə edən dövr üzrə bitkiçilik sahəsində dövlət dəstəyinin (subsidiya və güzəştlər) səmərəliliyi və nəticəliliyi audit olunub.
Trend palataya istinadən xəbər verir ki, audit Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), Aqrar Subsidiya Şurası və digər əlaqəli qurumların fəaliyyətini əhatə edib.
Müsbət məqamlar kimi son illərdə aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) qurulması və qərarların mərkəzləşdirilməsi qeyd olunub.
Bununla yanaşı, audit bir sıra ciddi çatışmazlıqları üzə çıxarıb:
* Fəaliyyət planlarında effektivlik və nəticəliliyi ölçən əsas
indikatorlar nəzərə alınmayıb, bu isə planlaşdırmanın formal
xarakter daşıdığını göstərir.
* Əkin subsidiyalarının hesablanmasında suvarma, becərmə
mərhələləri və sertifikatlı toxumdan istifadə kimi vacib meyarlar
nəzərə alınmayıb.
* Subsidiya siyasəti ərzaq təhlükəsizliyi və heyvandarlığın
inkişafını kifayət qədər təşviq etməyib.
* 223,2 hektar sahədə uyğun olmayan bitkilərin sığortalanması
nəticəsində dövlət vəsaitlərinin artıq ödənildiyi müəyyən
edilib.
* Müxtəlif dövlət qurumlarının statistik göstəriciləri arasında
ciddi uyğunsuzluqlar aşkarlanıb.
* Məhv olmuş 44,4 min hektar sahəyə görə 10,1 mln. manat, uyğunsuz
istehsal göstəricilərinə görə isə 3,7 mln. manat subsidiya
ödənildiyi müəyyən olunub.
* Subsidiya ödənişlərinin mərhələli deyil, gecikmiş formada
verilməsi fermerlərin maliyyə əlçatanlığına mənfi təsir
göstərib.
* Torpaq rekvizitlərinin düzgün qeyd olunmaması və nəzarət
mexanizmlərinin zəifliyi sui-istifadə risklərini artırıb.
* 157 min hektar sahə üzrə sənədləşmə olmadan 34,55 mln. manat
subsidiya ödənilib.
* Peyk görüntüləri ilə təsdiqlənməyən əkin sahələrinə görə 24,2
mln. manat subsidiya verilib.
* 304 mln. manat subsidiya hüquqi şəxslərin hesablarına deyil,
fiziki şəxslərin fermer kartlarına köçürülüb.
* Məhsulun faktiki təhvil verilmədiyi hallarda 14,9 mln. manat
subsidiya ödənilib.
* Elektron qaimə-faktura olmadan milyonlarla manatlıq məhsul
subsidiyası verilib.
* Texnika güzəştlərində köhnə texnikalara da eyni şərtlərin tətbiqi
nəticəsində 1,5 mln. manat səmərəsiz istifadə olunub.
Audit həmçinin göstərib ki, kənd təsərrüfatına yararlı torpaqların əhəmiyyətli hissəsi əkin dövriyyəsinə cəlb olunmur və subsidiyaların əhatə dairəsi tam effektiv deyil.
Hesablama Palatası audit nəticəsində Kənd Təsərrüfatı Nazirliyinə subsidiyaların daha səmərəli təşkili, nəzarət mexanizmlərinin gücləndirilməsi və normativ bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər verib.
Nazirlik ilkin cavabında bəzi hallarda vəsaitlərin bərpası üçün tədbirlərin görüləcəyini, zəruri hallarda məhkəməyə müraciət ediləcəyini və digər dövlət qurumları ilə birgə təhlillərin aparılacağını bildirib.
