Bakı. Trend:
ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin (USTDA) nümayəndə heyəti Azərbaycanla nüvə energetikası, süni intellekt, rəqəmsal infrastruktur və digər sahələrdə əməkdaşlıq imkanlarını araşdırır.
Bunu Trend-ə özəl müsahibəsində USTDA-nin Avropa və Avrasiya ölkələri üzrə meneceri Sara Leminq bildirib.
“Biz Azərbaycanda real imkanlar görürük, məhz buna görə Bakıdayıq. Bu texniki missiya çərçivəsində USTDA enerji və rəqəmsal infrastruktur sahələrindəki perspektivlərə fokuslanıb. Xüsusilə, nümayəndə heyəti prioritet sektorlar üzrə layihələri araşdırmaq üçün Azərbaycandan olan tərəfdaşları ilə əməkdaşlıq edir. Bu sektorlar sırasına mayeləşdirilmiş təbii qaz, mülki nüvə energetikası, elektrik enerjisinin ötürülməsi, süni intellekt infrastrukturu, kibertəhlükəsizlik və rəqəmsal əlaqəlilik daxildir”, - o bildirib.
Leminq qeyd edib ki, bu sahələr Azərbaycanın uzunmüddətli rəqəmsal inkişafına töhfə verir və enerji təhlükəsizliyini gücləndirir, eyni zamanda ABŞ-nin iqtisadi və strateji maraqlarını irəli aparır.
“USTDA həmçinin, mümkün olan yerlərdə , nəqliyyat və zəruri əhəmiyyətli minerallar sahəsində dövlət və özəl sektorla tərəfdaşlıqlara prioritet diqqət ayırır. Biz ABŞ hökumətinin xaricdə infrastrukturun inkişafı üzrə əsas alətlərindən biriyik və rolumuz tərəfdaşlara etibarlı ideyaları real həyata keçirilə bilən layihələrə çevirməkdə kömək etməkdir.
USTDA iri miqyaslı infrastruktur layihələrinin hazırlanmasını pilot təşəbbüslərin və texniki-iqtisadi əsaslandırmaların maliyyələşdirilməsi vasitəsilə dəstəkləyir. Bunlar layihənin texniki tələblərini və maliyyənin cəlb olunması yollarını müəyyən etməyə kömək edən əsas planlaşdırma alətləridir. Qarşılıqlı prioritet sahələrdə — o cümlədən enerji və rəqəmsal infrastrukturda — olan layihələrin bizim dəstəyimizi alma ehtimalı daha yüksəkdir. Biz maliyyələşdirmə cəlb etmək potensialı yüksək olan və tərəfdaşların ABŞ-nin təklif etdiyi yüksək keyfiyyətli, innovativ texnologiyalara maraq göstərdiyi layihələri nəzərdən keçiririk”,- deyə o izah edib.
Leminq əlavə edib ki, USTDA portfelində olan potensial layihələr üzrə qərarvermə prosesini dəstəkləmək üçün texniki ekspertləri cəlb edir.
“Onların rəyi hansı təşəbbüsləri maliyyələşdirməyə qəbul edəcəyimizi müəyyənləşdirmək baxımından həlledici əhəmiyyət daşıyır. Texniki ekspertlərimiz həmçinin layihənin maliyyə cəlb etməsinə kömək etmək üçün araşdırmanın hansı əsas məsələləri əhatə etməli olduğunu müəyyənləşdirməkdə yüksək ixtisasa malikdirlər”,- deyə o bildirib.
O vurğulayıb ki, USTDA layihələrin qiymətləndirilməsi zamanı bir neçə meyardan istifadə edir.
“Əsas meyar layihənin həm Azərbaycan, həm də ABŞ üçün strateji maraq kəsb edib-etməməsidir. Digər mühüm amillər sırasında layihənin Amerika biznes ictimaiyyəti üçün cəlbediciliyi, eləcə də USTDA tərəfindən dəstək göstərildikdən sonra onun maliyyələşdiriləcəyi ehtimalının yüksək olması yer alır. Agentlik həm dövlət qurumlarının, həm də özəl sektorun layihələrini maliyyələşdirir və nümayəndə heyəti Bakıya səfəri çərçivəsində hər iki istiqamətin nümayəndələri ilə görüşlər keçirir”,- deyə o qeyd edib.
