...

Qarabağda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsi başlayıb - Azər Qarayev

Siyasət Materials 21 Aprel 2026 12:30 (UTC +04:00)
Qarabağda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsi başlayıb - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsi başlayıb.

Bunu Trend-ə politoloq Azər Qarayev deyib.

"2020-ci ildə başa çatan Vətən müharibəsi Azərbaycanın müasir tarixində yalnız hərbi qələbə ilə deyil, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni bir inkişaf mərhələsinin başlanğıcı ilə yadda qaldı. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin işğaldan azad edilməsi ölkə qarşısında tamamilə fərqli və daha mürəkkəb bir vəzifə qoydu. Əgər müharibə dövründə əsas məqsəd ərazi bütövlüyünün bərpası idisə, müharibədən sonrakı mərhələdə bu torpaqlarda həyatın yenidən qurulması, insanların geri qayıdışı və regionun iqtisadi baxımdan dirçəldilməsi Prezident İlham Əliyev tərəfindən prioritetə çevrildi.

Azad edilmiş ərazilərin ermənilər tərəfindən salındığı vəziyyətinin ilk görüntüləri bu vəzifənin nə qədər çətin olduğunu açıq şəkildə göstərirdi. Şəhərlər tamamilə dağıdılmış, kəndlər xəritədən silinmiş, sosial və iqtisadi infrastruktur məhv edilmişdi. Ağdam, Füzuli, Cəbrayıl kimi şəhərlər faktiki olaraq xarabalıqlara çevrilmişdi. Bu mənzərə yalnız fiziki dağıntını deyil, eyni zamanda illərlə dayandırılmış həyatın nəticəsini əks etdirirdi.

Bu reallıq Azərbaycanı klassik bərpa modelindən daha fərqli yanaşma seçməyə vadar etdi və bu yanaşma Prezident İlham Əliyevin irəli sürdüyü inkişaf strategiyasına əsaslanır. Qarabağda həyata keçirilən proses sadəcə yenidənqurma deyil, əslində sıfırdan quruculuq layihəsidir. Bu baxımdan son illərdə bu regionda görülən işlər təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də diqqətlə izlənilir", - o bildirib.

Onun sözlərinə görə, müharibədən dərhal sonra Qarabağda qarşıya çıxan əsas problemlərdən biri mina təhlükəsi idi. Ərazilərin böyük hissəsi minalarla və partlamamış hərbi sursatlarla çirkləndirilmişdi. Bu isə yalnız insanların geri qayıdışını gecikdirmirdi, eyni zamanda tikinti və bərpa işlərinin başlanmasını da çətinləşdirirdi.

"Mina problemi Qarabağın bərpasında ən ciddi maneələrdən biri olaraq qalır. Çünki hər qarış torpaq potensial risk daşıyırdı və bu risk aradan qaldırılmadan nə yaşayış məntəqələri tikmək, nə də iqtisadi fəaliyyət qurmaq mümkün idi. Bu səbəbdən mina təmizləmə işləri dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi və bu gün də davam edir. Eyni zamanda, ilkin mərhələdə infrastrukturun bərpası həyati əhəmiyyət daşıyırdı. Elektrik enerjisi, su təminatı və yol infrastrukturu olmadan regionda heç bir fəaliyyət mümkün deyildi. Bu səbəbdən ilk illərdə əsas diqqət məhz bu sahələrə yönəldildi. Müvəqqəti elektrik xətləri çəkildi, su mənbələri bərpa edildi və əsas nəqliyyat yollarının tikintisinə başlanıldı. Bu dövrdə dövlət idarəçiliyində də yeni yanaşmalar tətbiq olundu. Qarabağın bərpası ilə bağlı müxtəlif qurumların fəaliyyətini əlaqələndirmək üçün xüsusi mexanizmlər yaradıldı. Bu koordinasiya sayəsində layihələrin icrası daha sistemli və sürətli şəkildə həyata keçirilməyə başladı", - o bildirib.

A.Qarayev qeyd edib ki, Qarabağın dirçəlişində əsas rol oynayan amillərdən biri də Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən ayrılan böyük maliyyə vəsaitləridir. Son illərdə bu ərazilərin bərpası və inkişafı üçün 17 milyard manatdan artıq investisiya yönəldilib. O cümlədən, 2020-ci ildə 55 milyon manat, 2021-ci ildə 2,188 milyard manat, 2022-ci ildə 4,311 milyard manat, 2023-cü ildə 5,652 milyard manat və 2024-cü ildə isə 5,347 milyard manat maliyyə vəsaiti ayrılıb. Bu rəqəm regionda həyata keçirilən layihələrin miqyasını aydın şəkildə göstərir.

"Bu vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinə yönəldilib. Yolların tikintisi, körpülərin salınması, tunellərin qazılması və enerji sistemlərinin qurulması bu investisiyaların əsas istiqamətlərini təşkil edir. Bununla yanaşı, yaşayış binalarının tikintisi, sosial obyektlərin yaradılması və sənaye sahələrinin inkişafı da bu prosesin mühüm hissəsidir. Qarabağın bərpası yalnız cari ehtiyacların ödənilməsi məqsədi daşımır. Bu proses uzunmüddətli strategiya əsasında həyata keçirilir. Məqsəd bu regionu gələcəkdə Azərbaycanın iqtisadi inkişaf mərkəzlərindən birinə çevirməkdir. Bu baxımdan həyata keçirilən bütün layihələr dayanıqlı inkişaf prinsiplərinə uyğun planlaşdırılır", - o bildirib.

Onun sözlərinə görə, Qarabağın bərpasında Azərbaycanın dost və tərəfdaş ölkələri də xüsusi rol oynayır.

"Belə ki, buraya Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzulidə məscidin inşa edilməsi, Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Füzulidə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Füzuli şəhərində Özbəkistanın maliyyə dəstəyi ilə tikilən müasir məktəb binası, Qırğızıstan Prezidenti Sadır Japarovun təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası, Türkiyə şirkətlərinin Qarabağın ərazisində onlarla layihələrdə iştirak etməsi, Belarusun kənd təsərrüfatı şəhərciyinin yaradılmasında rolu və bir sıra digər layihələri aid etmək olar. Burada, təbii ki, əsas amillərdən biri də Prezident İlham Əliyevin sözügedən ölkələrin liderləri ilə olan münasibətləridir", - o bildirib.

Politoloq vurğulayıb ki, Qarabağın inkişafında nəqliyyat infrastrukturu xüsusi əhəmiyyət daşıyır. Uzun illər ərzində bu ərazilərdə yollar tamamilə yararsız hala düşmüşdü. Müharibədən sonra isə bu sahədə genişmiqyaslı işlərə başlanıldı.

"Dövlət başçısının rəhbərliyi altında azad edilmiş ərazilərdə artıq 3000 kilometrdən artıq avtomobil yolu inşa edilir. Bu yollar regionun əsas şəhər və kəndlərini bir-biri ilə birləşdirir və Qarabağın Azərbaycanın digər bölgələri ilə əlaqəsini təmin edir. Dağlıq ərazilərdə tikilən tunellər və körpülər isə mühəndislik baxımından mürəkkəb olsa da, regionun inkişafı üçün həyati əhəmiyyət daşıyır. Bununla yanaşı, Qarabağda üç beynəlxalq hava limanının tikilməsi regionun inkişafına əlavə təkan verib. Füzuli, Zəngilan və Laçın hava limanları artıq istifadəyə verilib və bu hava limanları regionun həm iqtisadi, həm də turizm potensialını artırır. Bu obyektlər Qarabağın beynəlxalq nəqliyyat xəritəsində yer almasına imkan yaradır", - A.Qarayev bildirib.

Onun sözlərinə görə, Qarabağda aparılan bərpa işlərinin ən diqqətçəkən xüsusiyyətlərindən biri müasir şəhərsalma prinsiplərinin tətbiqidir. Burada yalnız köhnə şəhərlərin bərpası deyil, eyni zamanda yeni urbanizasiya modelinin yaradılması həyata keçirilir.

"Artıq 8 şəhər üzrə baş planlar təsdiqlənib və onlarla yaşayış məntəqəsi üzrə layihələr hazırlanıb. Bu planlar hazırlanarkən ekoloji tarazlıq, enerji səmərəliliyi və texnoloji inkişaf kimi amillər əsas götürülür. Bu yanaşma Qarabağın gələcəkdə müasir və innovativ regiona çevrilməsinə şərait yaradır. Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən "ağıllı kənd" layihəsi bu sahədə nümunəvi modeldir. Bu layihə çərçivəsində tətbiq olunan texnologiyalar kənd təsərrüfatından tutmuş enerji təminatına qədər müxtəlif sahələri əhatə edir. Bu isə göstərir ki, Qarabağda qurulan model yalnız şəhərlərlə məhdudlaşmır, kənd yerlərində də müasir yanaşmalar tətbiq olunur.

Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan edilməsi regionun inkişaf istiqamətlərini müəyyən edən əsas qərarlardan biridir. Bu yanaşma həm ekoloji baxımdan, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Hazırda Cəbrayıl rayonunda iri günəş elektrik stansiyasının tikintisi davam edir. Şəfəq Günəş Elektrik Stansiyasının səhmdarları BP, SOCAR və Azərbaycan İnvestisiya Şirkəti olmaqla, layihəyə təxminən 200 milyon ABŞ dolları məbləğində investisiya yatırılması nəzərdə tutulur.

Bununla yanaşı, digər bərpa olunan enerji layihələri də planlaşdırılır. Kiçik su elektrik stansiyalarının bərpası və yeni enerji obyektlərinin tikintisi regionun enerji potensialını artırır. Bu strategiya Qarabağın gələcəkdə enerji istehsalında mühüm rol oynamasına imkan verəcək. Eyni zamanda bu yanaşma Azərbaycanın ümumi enerji siyasətinə uyğun şəkildə həyata keçirilir", - o bildirib.

Politoloq qeyd edib ki, Qarabağda iqtisadi aktivliyin artması dövlət tərəfindən yaradılan əlverişli biznes mühiti ilə sıx bağlıdır. Sahibkarlar üçün təqdim olunan vergi və gömrük güzəştləri, kredit subsidiyaları və digər dəstək mexanizmləri regiona investisiya axınını artırır.

"Dövlət başçısının tapşırıqlarına əsasən, işğaldan azad edilmiş ərazinin rezidentinə bir sıra vergi və gömrük güzəştləri və azadolmaları təklif edilir. Buraya 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olması; müvafiq iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dən azad olması; müvafiq iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı – 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumundan azad olması; hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad olması; fiziki şəxs olan istehlakçılar tərəfindən mehmanxana və hotellərdə göstərilən gecələmə və qalma xidmətlərinə görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılması. Həmçinin istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü il yanvarın 1-dən 10 (on) il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 (iyirmi) faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödənilir. Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonasında artıq bir sıra müəssisələr fəaliyyətə başlayıb. Bu müəssisələr regionda yeni iş yerlərinin açılmasına və iqtisadi inkişafın sürətlənməsinə səbəb olur.

Qarabağın yenidən qurulması prosesində infrastruktur və iqtisadi layihələr nə qədər mühüm rol oynayırsa, insan amili də bir o qədər həlledici əhəmiyyət daşıyır. Əslində, bütün bu quruculuq işlərinin əsas məqsədi insanların doğma torpaqlarına qayıdışını təmin etmək və onların normal həyat şəraitini bərpa etməkdir. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə başladılmış "Böyük Qayıdış" proqramı Qarabağın dirçəliş strategiyasının mərkəzində dayanır. Son illər ərzində on minlərlə keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb. Bu qayıdış mərhələli şəkildə həyata keçirilir və hər bir köç prosesi ciddi planlaşdırma əsasında təşkil olunur. İnsanların geri dönüşü yalnız evlərin tikilməsi ilə məhdudlaşmır. Bu proses eyni zamanda iş yerlərinin yaradılmasını, sosial xidmətlərin təmin edilməsini və ümumilikdə yaşayış üçün zəruri bütün şəraitin formalaşdırılmasını tələb edir. Qayıdan ailələrin həyatına baxdıqda, burada artıq yeni sosial mühitin formalaşdığını görmək mümkündür. Müasir evlər, abad küçələr, təmiz su, dayanıqlı enerji təminatı və digər imkanlar insanların uzun illərdən sonra öz torpaqlarında rahat yaşamasına şərait yaradır", - o bildirib.

A.Qarayev vurğulayıb ki, Qarabağda həyatın yenidən qurulması yalnız yaşayış binalarının tikilməsi ilə yekunlaşmır. Sosial infrastrukturun yaradılması bu prosesin ayrılmaz hissəsidir. Məktəblərin, uşaq bağçalarının, xəstəxanaların və digər sosial obyektlərin tikintisi insanların normal həyat şəraitinə qayıtması üçün vacibdir.

"Yeni tikilən məktəblər müasir standartlara cavab verir və ən son texnologiyalarla təchiz olunur. Bu məktəblərdə təhsil alan uşaqlar artıq əvvəlki nəsillərdən fərqli olaraq daha keyfiyyətli təhsil alma imkanına malikdir. Bu isə gələcəkdə regionun insan kapitalının formalaşmasında mühüm rol oynayacaq. Səhiyyə sahəsində də ciddi irəliləyişlər müşahidə olunur. Yeni xəstəxanalar və tibb məntəqələri əhalinin tibbi xidmətlərə çıxışını təmin edir. Bu obyektlər yalnız ilkin tibbi yardım göstərmək üçün deyil, eyni zamanda daha geniş xidmət spektrini əhatə etmək üçün nəzərdə tutulub. Prezident İlham Əliyev bu obyektlərin bir çoxunun açılışında şəxsən iştirak edir. Bu da onu göstərir ki, burada baş verən bütün proseslər dövlət başçısının daim nəzarətindədir", - o bildirib.

Politoloqun fikrincə, Qarabağa qayıdan insanların qarşısında duran əsas məsələlərdən biri məşğulluqdur. Dövlət bu sahədə müxtəlif proqramlar həyata keçirərək insanların işlə təmin olunmasına çalışır. Özünüməşğulluq proqramları, peşə hazırlığı kursları və əmək yarmarkaları bu istiqamətdə əsas alətlərdən biridir.

"Dövlət Məşğulluq Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün həmin ərazilərdə indiyədək 27 əmək yarmarkası təşkil olunub. Sakinlərin əmək bazarının tələblərinə uyğun peşə bacarıqlarının artırılması məqsədilə Agentlik tərəfindən onlar üçün kənd təsərrüfatı, tikinti, sənaye, xidmət və s. sahələr üzrə peşə hazırlığı kursları da təşkil edilir. Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərindən artıq 356 şəxsi peşə kurslarına cəlb edib. Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzi bu sahədə mühüm rola malik olması ilə seçilir. Mərkəzdə 50-dək peşə istiqaməti üzrə peşə kursları təşkil olunur. İşğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislər və işəgötürənlər üçün stimullaşdırıcı dəstək paketi də icra olunur. Həmin mütəxəssislər birdəfəlik müavinətlə (600 manat), hər il 5 gün əlavə məzuniyyətlə, aylıq vəzifə maaşına əlavələrlə təmin edilirlər. Həmçinin qeyd edilən ərazilərdə fəaliyyət göstərən işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması işləri və s. də aparılır.

Minlərlə insan artıq müxtəlif sahələr üzrə işlə təmin olunub. Kənd təsərrüfatı, tikinti, xidmət sektoru və sənaye sahələri məşğulluğun əsas istiqamətlərini təşkil edir. Bu isə regionda iqtisadi aktivliyin artmasına səbəb olur. Xüsusilə kənd təsərrüfatının bərpası Qarabağ üçün böyük perspektivlər vəd edir. Uzun illər istifadəsiz qalmış torpaqların yenidən əkin dövriyyəsinə cəlb olunması regionun iqtisadi potensialını artırır. Bu sahədə tətbiq olunan müasir texnologiyalar məhsuldarlığın yüksəlməsinə şərait yaradır.

Qarabağ yalnız iqtisadi deyil, həm də mədəni və turizm baxımından böyük potensiala malikdir. Şuşa şəhəri bu baxımdan xüsusi yer tutur. Tarixi abidələrin bərpası və şəhərin yenidən qurulması nəticəsində Şuşa tədricən regionun mədəni mərkəzinə çevrilir. Turizm sahəsində aparılan işlər Qarabağın gələcəkdə ölkənin əsas turizm istiqamətlərindən birinə çevriləcəyini göstərir. Dağlıq relyef, təbii gözəlliklər və zəngin tarix bu regionu turistlər üçün cəlbedici edir. Eyni zamanda dini və tarixi abidələrin bərpası milli irsin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu proses yalnız memarlıq nümunələrinin bərpası deyil, həm də tarixi yaddaşın yenidən canlandırılması deməkdir", - politoloq bildirib.

Onun sözlərinə görə, Qarabağın dirçəlişi prosesi nə qədər uğurlu olsa da, bu yol tamamilə problemsiz deyil.

"Ən ciddi problemlərdən biri hələ də mina təhlükəsinin qalmasıdır. Bu məsələ həm insanların təhlükəsizliyinə, həm də iqtisadi fəaliyyətin genişlənməsinə təsir göstərir. Azərbaycan bu istiqamətdə genişmiqyaslı işlər həyata keçirir, ərazilərin mina və partlamamış sursatlardan təmizlənməsi üçün sistemli tədbirlər görülür. Bununla yanaşı, prosesin daha sürətli və effektiv aparılması üçün beynəlxalq tərəfdaşların texniki və maliyyə dəstəyi də xüsusi əhəmiyyət daşıyır", - o bildirib.

A.Qarayev bildirib ki, Qarabağda həyata keçirilən layihələr göstərir ki, bu region yalnız bərpa olunmur, eyni zamanda gələcəyin inkişaf modeli burada formalaşdırılır.

"Müasir texnologiyaların tətbiqi, "yaşıl enerji" strategiyası və innovativ şəhərsalma yanaşmaları Qarabağı Azərbaycanın ən qabaqcıl bölgələrindən birinə çevirə bilər. Bu gün Qarabağda görülən işlər yalnız dağıdılmış ərazilərin bərpası deyil. Bu, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni iqtisadi və sosial modelin qurulmasıdır. Bu model gələcəkdə digər regionlar üçün də nümunə ola bilər. Qarabağın dirçəlişi Azərbaycanın son illərdə həyata keçirdiyi ən böyük və ən əhəmiyyətli layihələrdən biridir və bu proses dövlət başçısının şəxsi nəzarəti altında davam etdirilir. Prezident İlham Əliyev azad edilmiş ərazilərə mütəmadi səfərlər edir, burada həyata keçirilən layihələrlə yerində tanış olur, yeni infrastruktur və sosial obyektlərin açılışlarında iştirak edir, eyni zamanda Böyük Qayıdış çərçivəsində doğma yurdlarına qayıdan sakinlərlə görüşür.

Bu proses yalnız maddi resursların deyil, həm də siyasi iradənin, strateji baxışın və xalqın iradəsinin nəticəsidir. Bu gün Qarabağda baş verən dəyişikliklər göstərir ki, dağıntıdan müasir və inkişaf etmiş region yaratmaq mümkündür. Qarşıda hələ çox iş var, lakin artıq atılan addımlar bu yolun düzgün seçildiyini sübut edir. Qarabağ tədricən yalnız keçmişin ağrılarını deyil, həm də gələcəyin ümidlərini özündə birləşdirən bir məkana çevrilir", - politoloq əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti