Bakı. Trend:
Belçika və Niderland parlamentlərinin son qətnamələri nə hüquqi əsaslara, nə də regiondakı real vəziyyətə söykənmir. Bu sənədlər siyasi manipulyasiya nümunəsi olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinə selektiv və riyakar yanaşmanın, açıq qərəzin, siyasi aqressiyanın növbəti təzahürüdür.
Trend xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında deyib.
Millət vəkili bildirib ki, qətnamələrdə “suverenlik” və “ərazi bütövlüyü” prinsiplərinə istinad edildiyi halda Azərbaycanın guya Ermənistan ərazilərini “işğal etməsi” kimi tamamilə əsassız iddiaların irəli sürülməsi sözügedən qərəzli kağız parçasının mahiyyətini ortaya qoyur. Bu, təkcə ziddiyyət deyil, faktların məqsədyönlü şəkildə təhrif olunmasıdır:
“Belçika parlamenti isə regionda guya “gərginlik” və “hərbi risklər” barədə danışır. Bəlkə də arzu və istəklərini ifadə edir. Halbuki bölgədəki reallıq tam əksini göstərir. Son iki ildə Azərbaycan-Ermənistan sərhədində ən sabit və sakit dövr yaşanır. Bu faktı Ermənistanın rəsmiləri də hər addımda etiraf edirlər. Deməli, burada məqsəd süni təhlükə görüntüsü yaratmaqla sülh prosesinə maneə yaratmaqdan ibarətdir və bu niyyət özünü Ermənistandakı müşahidə missiyasının genişləndirilməsi isə bağlı təşəbbüsdə büruzə verir. Bu isə geosiyasi maraqların sülh gündəliyindən üstün tutulmasının göstəricisidir”.
Deputat vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş mühüm irəliləyişlərə, o cümlədən sülh müqaviləsinin mətninin razılaşdırılması kimi mühüm tarixi addıma istinadın olmaması, Vaşinqton prosesinin nəticələrinin görməzdən gəlinməsi isə sistemli qərəzin göstəricisidir.
“Bu qətnamənin məhz sülh danışıqlarının intensivləşdiyi,
parlamentlərarası dialoqun davam etdiyi bir dövrdə qəbul olunması
onun əsl mahiyyətini açıq şəkildə ortaya qoyur. Məqsəd sülhə töhfə
vermək deyil – məqsəd sülh prosesinə kölgə salmaq, revanşist
qüvvələri ruhlandırmaq və regionda yeni gərginlik ocaqları
yaratmaqdır.
Belçikanın siyasi dairələrinin, o cümlədən parlamentarilərinin
Azərbaycan əleyhinə qərəzi artıq uzun illərdir ki, davam edir.
Avropa Şurası Parlament Assambleyasında Belçikalı parlamentarilərin
də ölkəmizə qarşı həyata keçirilən qarayaxma kampaniyalarının ön
sıralarında yer alması, Belçika parlamentində Azərbaycanla dostluq
qrupunun fəaliyyəti dayandırılması da sübuta yetirir ki, bu,
ardıcıl və planlı şəkildə qurulan və siyasi motivlərə əsaslanan bir
prosesdir.
Amma əgər qarşı tərəf dialoqu dağıdırsa, əməkdaşlıq mexanizmlərini
sıradan çıxarırsa, biz niyə bu formal çərçivələri qoruyub
saxlamalıyıq?
Biz daim sülh, əməkdaşlıq və qarşılıqlı hörmət tərəfdarı olmuşuq. Lakin birtərəfli ittihamlar, əsassız qətnamələr və siyasi təzyiqlər fonunda bu prinsiplərin yalnız bir tərəf üçün işləməsi qəbuledilməzdir.
Bu səbəbdən təklif edirəm ki, Azərbaycan-Belçika
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti
dayandırılsın.
Bu, emosional reaksiya deyil. Əgər əməkdaşlıq platformaları qarşı
tərəf tərəfindən alətə çevrilirsə, əgər dialoq imitasiya xarakteri
daşıyırsa, bu mexanizmlərin saxlanılması sadəcə formal xarakter
daşıyır və heç bir real məna kəsb etmir”, - deyə o fikrini
yekunlaşdırıb.
