Xaçmazda “Heydər Əliyev və Müasir Memarlıq İrsi” adlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2026 17:50 (UTC +04:00)
Xaçmazda “Heydər Əliyev və Müasir Memarlıq İrsi” adlı tədbir keçirilib (FOTO)

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyəti, Rayon Təhsil Sektoru və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev və Müasir Memarlıq İrsi” adlı tədbir keçirilib.

İştirakçılar əvvəlcə şagirdlərin şəhərsalma və memarlıq mövzusuna həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Gənc istedadların əl işləri həm estetik zövqü, həm də milli memarlıq dəyərlərimizə olan hörməti əks etdirib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardından Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Heydər Əliyevin Azərbaycan memarlığına töhfələrindən bəhs edən sənədli film nümayiş etdirilib. Filmdə Ümummilli Liderin şəhərsalma siyasəti, tarixi abidələrimizin bərpası və müasir infrastruktur layihələrinin həyata keçirilməsindəki roluna geniş yer verilib.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova və digər ziyalılar Heydər Əliyevin memarlıq irsinin müasir dövrdəki əhəmiyyəti, gənc nəslin şəhərsalma mədəniyyətinə cəlb edilməsi və regional inkişafda memarlıq potensialının roluna dair dəyərli fikirlər səsləndiriblər. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən infrastruktur layihələrindən də danışıblar.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən bu mənalı tədbir, gələcək nəsillər üçün zəngin irs qoyan Heydər Əliyevin ideyalarının davamlılığını bir daha təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti