Neft bazarındakı vəziyyət xeyli dərəcədə daha gözlənilməz olub - SOCAR Trading

Energetika Materials 23 Aprel 2026 11:41 (UTC +04:00)
Neft bazarındakı vəziyyət xeyli dərəcədə daha gözlənilməz olub - SOCAR Trading
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Neft bazarındakı vəziyyət xeyli dərəcədə daha gözlənilməz olub.

Trend xəbər verir ki, bunu Bakıda Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və logistika üzrə İkinci Forumda “SOCAR Trading” şirkətinin ticarət əməliyyatları üzrə icraçı direktor vəzifəsini icra edən Tağı Tağızadə bildirib.

“2019-cu ildən başlasaq, bir sıra hadisələrin şahidi olmuşuq: əvvəlcə 2019-cu ildə Səudiyyə Ərəbistanında baş verən hadisələr, sonra COVID-19 pandemiyası, daha sonra Rusiya-Ukrayna münaqişəsinin başlanması və indi isə Hörmüz boğazı ətrafında gərgin vəziyyət, hətta münaqişə”, – deyə o bildirib.

T.Tağızadə qeyd edib ki, Hörmüz boğazı ətrafındakı vəziyyət neft tədarükü baxımından dünyanın üzləşə biləcəyi ən ekstremal ssenarilərdən biri kimi müxtəlif tədqiqatlarda, tədris kurslarında və müzakirələrdə daim nəzərdən keçirilib.

“Hazırda isə biz faktiki olaraq bununla qarşı-qarşıyayıq. Maraqlısı budur ki, adətən boğazın bir gün, üç gün, bir həftə bağlanacağı halda nə baş verəcəyi müzakirə olunurdu. İndi isə artıq bu hadisənin ikinci ayının sonuna yaxınlaşırıq və vəziyyətin necə inkişaf etdiyini izləməyə davam edirik. Qeyd etmək vacibdir ki, müasir bazarlar böyük ölçüdə xəbər başlıqlarının təsiri altında formalaşır və hazırda biz son dərəcə volatilliyi yüksək olan bazarla qarşı-qarşıyayıq. Münaqişənin ilkin mərhələsindən fərqli olaraq, o zaman hər şeyin bir istiqamətdə inkişaf etdiyi görünürdüsə, indi vəziyyət xeyli daha gözlənilməz olub. Biz hələ də Fars körfəzi regionundan gündəlik təxminən 13–15 milyon barel həcmində təklif çatışmazlığı ilə üzləşirik”, – o bildirib.

“SOCAR Trading” nümayəndəsinin sözlərinə görə, bununla yanaşı, alternativ tədarük marşrutlarının da hazırlandığını qəbul etmək lazımdır.

“Biz görürük ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və regionun digər ölkələri alternativ boru kəmərləri və ya daxili logistika marşrutları vasitəsilə həll yolları tapırlar. Bu isə OPEC+, Beynəlxalq Enerji Agentliyi tərəfindən görülən tədbirlər, strateji neft ehtiyatlarından istifadə, neft emalı zavodlarının yüklənməsinin azaldılması və ayrı-ayrılıqda kiçik görünə biləcək digər addımlarla birlikdə ümumilikdə vəziyyətin və mövcud böhranın yumşaldılmasına kömək edir”, – deyə o yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti