Metroda köhnə sistemlər problem yaradır?

Gündəm Materials 22 Aprel 2026 15:31 (UTC +04:00)
Metroda köhnə sistemlər problem yaradır?
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda metropolitenin bəzi xətlərində baş verən texniki nasazlıq bir daha mövcud infrastrukturun yenilənməsi məsələsini gündəmə gətirib. Mütəxəssislər bildirirlər ki, oxşar hallar dünyanın digər böyük metropolitenlərində də müşahidə olunur, lakin Bakı metrosunun uzun illərdir istismarda olması bu məsələyə daha həssas yanaşmanı zəruri edir.

Məsələ ilə əlaqədar Trend-ə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Rauf Ağamirzəyev bildirib ki, Bakı metrosunun bəzi xətləri artıq 60 ilə yaxın müddətdir istifadə olunur və rabitə, siqnallaşdırma, enerji təchizatı kimi əsas sistemlərin yenilənməsi qaçılmazdır. O qeyd edib ki, bu istiqamətdə dövlət proqramları mövcuddur, lakin işlərin daha sürətli icrasına ehtiyac var.

Ekspert həmçinin vurğulayıb ki, metronun yükünü azaltmaq üçün yeni xətlərin çəkilməsi, mövcud xətlərin ayrılması, əlavə depoların tikintisi və şəbəkənin genişləndirilməsi istiqamətində artıq addımlar atılıb və bu layihələr davam edir.

Qeyd edək ki, aprelin 21-də saat 12:10 radələrində “Ulduz–Nərimanov” sahəsində aralıq kabeldə qısaqapanma baş verib. Hadisə nəticəsində tüstülənmə müşahidə olunub və operativ şəkildə təhlükəsizlik tədbirləri görülüb. Saat 15:00-da sərnişindaşıma fəaliyyəti bərpa edilib.

Bakı metropolitenindən bildirilib ki, hadisənin səbəbləri araşdırılır və oxşar halların qarşısını almaq üçün əlavə texniki tədbirlər görülür. Bununla yanaşı, qatarların təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə aprelin 22-də pik saatlarda “28 May–Əhmədli” xəttində interval 2,5 dəqiqə təşkil edəcək, “Bakmil” istiqamətində isə şənbə qrafiki tətbiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti