Bakı. Trend:
İran ölkə sahilləri yaxınlığında Oman körfəzində “Tuska” ticarət gəmisinin ABŞ tərəfindən saxlanılmasını kəskin şəkildə qınayır.
Trend-in məlumatına görə, bununla əlaqədar İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanata əsasən, 20 aprel tarixində İranın ticarət gəmisinin saxlanılması gəminin ekipaj heyəti və onların ailələrinin təşvişə düşməsi ilə nəticələnib. Bu isə BMT nizamnaməsi və beynəlxalq hüquq normalarına ziddir. Üstəlik ABŞ və İran arasında əldə olunan atəşkəsin pozulmasına başqa bir nümunə hesab olunur.
“İran BMT baş katibi, BMT Təhlükəsizlik Şurasının üzvləri, Beynəlxalq Dənizçilik Təşkilatını bu məsələyə diqqət yetirməyə və beynəlxalq qurumların sözügedən məsələni ciddi şəkildı qınamağa çağırır”, - bəyanatda bildirilir.
İran XİN-dən vurğulanır ki, İran bu hərəkətlə əlaqədar mənfi nəticələr haqda xəbərdarlıq edir və İran gəmisi, ekipaj heyəti və ailələrinin dərhal azad edilməsinin vacibliyini qeyd edir.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
