...

Azərbaycan Afrika ölkələrinin TŞ-də təmsilçiliyinin artırılması fikrini dəstəkləyir - Tofiq Musayev

Siyasət Materials 21 Aprel 2026 06:08 (UTC +04:00)
Azərbaycan Afrika ölkələrinin TŞ-də təmsilçiliyinin artırılması fikrini dəstəkləyir - Tofiq Musayev
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan BMT-yə üzv dövlətlər arasında Afrika ölkələrinin Təhlükəsizlik Şurasında (TŞ) təmsilçiliyinin artırılması fikrini dəstəkləyir.

Trend xəbər verir ki, bu sözləri BMT Təhlükəsizlik Şurasının üzvlüyünün genişləndirilməsi və ədalətli təmsilçilik məsələləri üzrə hökumətlərarası danışıqlar çərçivəsində BMT Təhlükəsizlik Şurasının islahatı üzrə Afrika Modelinin müzakirəsi zamanı Azərbaycanın BMT yanında Daimi nümayəndəsi Tofiq Musayev deyib.

O bildirib ki, Azərbaycan Afrika ölkələri ilə sülh və təhlükəsizlik, davamlı inkişaf və humanitar əməkdaşlıq daxil olmaqla müxtəlif sahələrdə dialoq və tərəfdaşlığını gücləndirib.

“Biz Afrika Modelində əks olunan mövqeyi bölüşürük və hesab edirik ki, Təhlükəsizlik Şurası milli siyasi gündəlikləri irəli aparmaq üçün istifadə edilməməli və beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaratmayan məsələlərə qarışmamalıdır. Bundan əlavə, vurğulamaq vacibdir ki, təmsilçiliyin artırılması ilə yanaşı, islahatların əsas məqsədi Şuranın ümumi effektivliyini, hesabatlılığını və şəffaflığını artırmaq olmalıdır. Bu, Şuranın müasir çağırışlara qəti və legitim şəkildə cavab verməsini və qərarlarının tam və ardıcıl icrası vasitəsilə beynəlxalq təhlükəsizlik arxitekturasında mərkəzi rolunu qorumasını təmin etməlidir”, - deyə o qeyd edib.

Bildirib ki, veto məsələsi Təhlükəsizlik Şurası islahatlarının əsas elementlərindən biri olaraq qalır. “Bu kontekstdə, vetonun Şuranın mandatını yerinə yetirmə effektivliyinə təsirini qiymətləndirmək və hər hansı dəyişikliklərin yarada biləcəyi riskləri, balanssızlıqları və bərabərlik baxımından nəticələrini araşdırmaq üçün diqqətli, dərin və müqayisəli təhlilə ehtiyac olduğunu bir daha vurğulayırıq. Biz, həmçinin Afrika Modelində yer alan və Təhlükəsizlik Şurasının iş metodlarının təkmilləşdirilməsinə və Baş Assambleya ilə münasibətlərinin gücləndirilməsinə yönəlmiş praktiki təklifləri alqışlayırıq. Afrikanın mövqeyi ilə razıyıq ki, Təhlükəsizlik Şurası və Baş Assambleya öz mandatları çərçivəsində daha sıx əməkdaşlıq etməli, qarşılıqlı məsuliyyət sahələrinə müdaxilə etmədən əməkdaşlıq və harmonik münasibətlər qurmalıdır”,- deyə Tofiq Musayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti