...

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi açıqlanıb

İqtisadiyyat Materials 20 Aprel 2026 18:18 (UTC +04:00)
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 1,309 milyard ABŞ dolları təşkil edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 121,5 milyon ABŞ dolları və ya 8,5% azdır.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 13,91%-i həcmində olub. Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 2-ci pillədə qərarlaşıb.

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 785,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,5 milyon ABŞ dolları və ya təqribən 6,1% azdır.

Dövr ərzində Azərbaycandan Türkiyəyə 25,9 milyon ABŞ dolları dəyərində 56 031 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə sözügedən məhsulların ixracı dəyər ifadəsində 13,9 milyon ABŞ dolları və ya 2,2 dəfə, həcm baxımından isə 32 010 ton və yaxud da 2,3 dəfə artım deməkdir.

Bundan əalvə, bu ilin ilk 3 ayında Azərbaycandan Türkiyəyə 139,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5,6 milyon ABŞ dolları və ya 4,2% çoxdur. Azərbaycanın ümumi ixracında Türkiyəyə qeyri-neft məhsulları ixracı 16.24% paya malik olub. Bu göstərici ilə Türkiyə Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr siyahısında 2-ci pillədə qərarlaşıb.

Eyni zamanda hesabat dövrü ərzində Türkiyədən Azərbaycana isə 522,9 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 70 milyon ABŞ dolları və ya 11,8% azalma deməkdir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9,407 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,642 milyard dollar və ya 21,9% azdır.

Xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın, 4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 984 milyon dollar və ya 15,4%, idxal isə 1,658 milyard dollar və ya 29,3% azalıb.

Yekunda xarici ticarətdə 1,398 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 675 milyon dollar və ya 1,9 dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti