...

Ceyhun Bayramov Banqkokda ESCAP-ın 82-ci sessiyasına sədrlik edib

Siyasət Materials 20 Aprel 2026 10:08 (UTC +04:00)
Ceyhun Bayramov Banqkokda ESCAP-ın 82-ci sessiyasına sədrlik edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov “Heç kimi geridə qoyma: Asiya və Sakit okean regionunda bütün yaş qrupları üçün cəmiyyətin inkişafı” mövzusu altında Banqkokda keçirilən BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyasında iştirak edib və iclasa sədrlik edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sessiyanın açılışında Prezident İlham Əliyevin yazılı müraciəti nazir Ceyhun Bayramov tərəfindən səsləndirilib.

Bildirilib ki, sessiya zamanı Azərbaycan ümumi çağırışların həlli və inkişafın faydalarının cəmiyyətin bütün təbəqələrinə çatdırılması üçün regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir Bayramov inklüziv inkişaf, rəqəmsal transformasiya, yaşıl enerji keçidi, regional bağlantılar, sülh quruculuğu və Cənub-Cənub əməkdaşlığına fokuslanan Azərbaycanın əsas siyasət mesajlarını diqqətə çatdırıb.

“Heç kimi geridə qoyma” gündəliyi çərçivəsində Azərbaycanın insan mərkəzli, dayanıqlı və qarşılıqlı əlaqəli regional gələcək vizyonu təqdim olunub.

Sessiya zamanı “Azərbaycan 2030” sosial-iqtisadi inkişaf üzrə milli prioritetlərinin – inklüziv iqtisadi artım, təhsil və səhiyyəyə bərabər çıxış, rəqəmsal ictimai xidmətlərin genişləndirilməsi, nəsillər arasında bərabər imkanların təmin edilməsi kimi istiqamətləri xatırladılıb.

Bununla yanaşı, Avrasiya üzrə bağlantıların inkişafında Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb.

Sessiyanın əsas nəticələrindən biri Asiya və Sakit okean regionunda bütün yaş qrupları üçün sosial inkişafın təşviqinə dair Bakı–Banqkok Bəyannaməsinin qəbul edilməsi olub. Bu sənəd inklüzivlik və davamlı tərəqqiyə dair ortaq öhdəliyi əks etdirir və ESCAP-ın inklüziv inkişaf gündəliyi ilə birbaşa uyğunluq təşkil edir.

Sessiya region üzrə inklüziv artım, sosial bərabərlik və davamlı inkişaf mövzularında dialoqu inkişaf etdirmək məqsədilə üzv dövlətlərin yüksək səviyyəli nümayəndələrini, beynəlxalq təşkilatları və BMT tərəfdaşlarını bir araya gətirib.

Azərbaycan çoxtərəfli diplomatiyada fəal rol oynamaqda davam edir və ümumi inkişaf məqsədlərinə dəstək məqsədilə Asiya-Sakit okean regionu ilə əməkdaşlığını daha da dərinləşdirməyə sadiqdir.

Həmrəylik, innovasiya və ortaq məsuliyyət prinsiplərini rəhbər tutaraq, Azərbaycan insanı mərkəzə qoyan, regional bağlantıları gücləndirən, rəqəmsal və yaşıl keçidləri sürətləndirən, sülh və əməkdaşlığı möhkəmləndirən inkişaf modelini təşviq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti