Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı vasitələri ilə 602,5 milyon ABŞ dolları dəyərində 68,9 min ton yük daşınıb.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,522 milyard ABŞ dolları və ya 3,5 dəfə az, həcm ifadəsində isə 65,7 min ton və ya 21,6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycandan hava nəqliyyatı ilə 183,7 milyon ABŞ dolları dəyərində təqribən 66 min ton yük ixrac olunub ki, bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 97,8 milyon ABŞ dolları və ya 2,1 dəfə çox, həcm ifadəsində isə 65,7 min ton və ya 315,6 dəfə çoxdur.
Bu ilin yanvar-mart aylarında Azərbaycana hava nəqliyyatı ilə 418,8 milyon ABŞ dolları dəyərində 2,918 min ton yük idxal olunub ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,620 milyard ABŞ dolları və ya 4,9 dəfə , həcm ifadəsində isə 65 ton və ya 2,2% azdır.
Qeyd edək ki, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda yük nəqliyyat vasitələri ilə ümumilikdə 9,407 milyard ABŞ dolları dəyərində 13,014 milyon ton yük daşınıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2,642 milyard ABŞ dolları və ya 21,9%, həcm baxımından isə 1,328 milyon ton və ya 9,3% azdır.
Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan ümumilikdə 5,402 milyard ABŞ dolları dəyərində 10,796 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 983,7 milyon ABŞ dolları və ya 15,4%, həcm ifadəsində isə 737,2 milyon ton və ya 6,4% azalma deməkdir.
Eyni zamanda bu ilin yanvar-mart aylarında yüklərin daşınma vasitələri üzrə Azərbaycana ümumilikdə 4,005 milyard ABŞ dolları dəyərində 2,218 milyon ton yük idxal edilib. Bu isə 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,658 milyard ABŞ dolları və ya 29,3%, həcm baxımıdan isə 590,4 min ton və ya 21% azdır.
