...

Azərbaycan Antalya platformasında təşəbbüskar aktor kimi çıxış etdi - RƏY

Siyasət Materials 20 Aprel 2026 16:25 (UTC +04:00)
Azərbaycan Antalya platformasında təşəbbüskar aktor kimi çıxış etdi - RƏY
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə keçirilən, “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusuna həsr olunmuş beşinci Antalya Diplomatiya Forumu beynəlxalq münasibətlər sistemində artan risklər və dəyişən geosiyasi reallıqlar fonunda mühüm əhəmiyyət kəsb edən qlobal dialoq platforması kimi yadda qaldı.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Afət Həsənova səsləndirib.

Deputatın sözlərinə görə, dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların nümayəndələrini, nüfuzlu siyasətçiləri və ekspertləri bir araya gətirən forum qlobal təhlükəsizlik, enerji strategiyaları, regional münaqişələrin həlli, çoxtərəfli əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi kimi aktual məsələlərin açıq və konstruktiv müzakirəsinə şərait yaratdı. Deputatın fikrincə, müasir beynəlxalq sistemdə etimadın və dialoqun təşviqi baxımından belə təşəbbüslər xüsusi əhəmiyyət daşıyır.

A.Həsənova vurğulayıb ki, Azərbaycanın forumdakı fəal iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin göstəricisidir: “Eyni zamanda bu cür platformalar Azərbaycanın regionla bağlı mövqeyinin, post-münaqişə dövründə irəli sürdüyü sülh gündəliyinin və əməkdaşlıq çağırışlarının dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm imkanlar yaradır”.

Deputat bildirib ki, Azərbaycan indiyədək müzakirə olunan istiqamətlər üzrə yalnız müşahidəçi deyil, təşəbbüskar və praktik töhfələr verən aktor kimi çıxış edib.

Onun sözlərinə görə, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, qarşılıqlı etimad mühitinin formalaşdırılması və regionun iqtisadi inteqrasiyasının dərinləşdirilməsi Azərbaycanın prioritet siyasət istiqamətlərindəndir: “Bu yanaşma həm regional sabitliyə, həm də daha geniş Avrasiya məkanında əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir”.

Deputat əlavə edib ki, Azərbaycan bu gün enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb: “Alternativ və ənənəvi enerji resurslarının şaxələndirilmiş marşrutlarla dünya bazarlarına çıxarılması, eləcə də nəqliyyat-logistika infrastrukturunun inkişafı ölkəmizin strateji əhəmiyyətini daha da artırır. Şərq ilə Qərb arasında körpü rolunu gücləndirən layihələr Azərbaycanın tranzit mərkəzi kimi mövqeyini möhkəmləndirir və qlobal təchizat zəncirlərinin davamlılığına töhfə verir. Bu baxımdan forumun gündəliyi ilə Azərbaycanın strateji baxışları arasında ciddi uyğunluq müşahidə olunur.

Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir sıra dövlət və hökumət başçıları ilə görüşlər keçirib, həm ikitərəfli münasibətlərin inkişaf perspektivləri, həm də regional və qlobal əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparıb. Bu təmaslar diplomatik əlaqələrin dərinləşdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin forumda iştirakı Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin və qardaşlıq münasibətlərinin növbəti dəfə beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi baxımından da önəmlidir: “Forum çərçivəsində dövlət başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü zamanı əlaqələrin daha da inkişafı perspektivləri geniş müzakirə olunub”.

A.Həsənovanın fikrincə, Antalya Diplomatiya Forumu Azərbaycanın diplomatik uğurlarının və təşəbbüslərinin təqdimatı üçün effektiv platformadır: “Forum bir daha göstərdi ki, ölkəmizin irəli sürdüyü regional əməkdaşlıq və sülh təşəbbüsləri beynəlxalq səviyyədə maraq doğurur və dəstək qazanır. Bu mənada tədbir Azərbaycan diplomatiyasının ardıcıl və çoxşaxəli fəaliyyətinin növbəti uğurlu mərhələsi kimi qiymətləndirilə bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti