Bakı. Trend:
Böyük Britaniya hökuməti İran ətrafında yaranmış gərginlik səbəbindən bərpa olunan enerji mənbələrinin inkişafını sürətləndirməyə və ölkənin fosil yanacaqlardan asılılığını azaltmağa yönəlmiş yeni tədbirlər paketini təqdim etməyə hazırlaşır.
Trend xəbər verir ki, rəsmi London elektrik enerjisi tariflərinin qaz qiymətlərindən asılılığını azaltmaq üçün də addımlar atmağı planlaşdırır.
Gözlənilir ki, Böyük Britaniyanın energetika naziri Ed Miliband bu günkü çıxışında fosil yanacaq tədarükündən asılılıq dövrünün sona çatdığını və ölkənin təmiz enerji təhlükəsizliyi modelinə keçidinin vacibliyini vurğulayacaq.
Hökumətin açıqlamasına əsasən, iyul-sentyabr dövrü üçün qiymət tavanına yenidən baxılması səbəbindən iyul ayından etibarən ölkədə məişət elektrik enerjisi tariflərinin yenidən artacağı proqnozlaşdırılır. Buna səbəb topdansatış qaz qiymətlərinin yüksəlməsidir. Hazırda bu göstərici İran ətrafındakı gərginlik başlamazdan əvvəlki səviyyədən təxminən 30 faiz yüksəkdir.
Yeni təşəbbüs çərçivəsində London günəş panelləri və külək turbinləri də daxil olmaqla bərpa olunan enerji obyektlərinin dövlət torpaqlarında daha geniş şəkildə yerləşdirilməsini nəzərdə tutur. Hesablamalara görə, bu addım təxminən 5 milyon evin elektrik enerjisi ilə təmin olunmasına imkan verəcək.
Bundan başqa, hökumət yeni yaşıl enerji layihələrinin tikintisi və onların milli elektrik şəbəkəsinə qoşulması prosedurlarını sadələşdirməyi, həmçinin şirkətlərə elektrik şəbəkəsinə birbaşa qoşulmaq imkanı yaradacaq mexanizmləri araşdırmağı planlaşdırır.