Bakı. Trend:
Aprelin 20-də Yaponiyanın şimal-şərq sahillərində qeydə alınan 7,7 bal gücündə zəlzələ nəticəsində azı altı nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə ölkənin fövqəladə halların idarə olunması naziri Jiro Akama açıqlama verib.
Onun sözlərinə əsasən, xəsarət alanlardan dördünün vəziyyəti yüngül, iki nəfərin isə ağırdır.
Qeyd edək ki, güclü zəlzələ Sakit okeanda Tohoku bölgəsinin şimal-şərq sahillərinin şərq hissəsində baş verib. Hadisədən sonra İvate, Aomori və Miyagi prefekturalarının şimal-şərq sahilləri, eləcə də Hokkaydonun cənub sahilləri üçün hündürlüyü üç metrədək olan sunami xəbərdarlığı elan edilib. Lakin sahilə çatan dalğaların hündürlüyü 80 santimetrə qədər olub.