Bakı. Trend:
İranın ABŞ ilə müzakirələrin növbəti raundunu keçirməklə bağlı planı yoxdur.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran tərəfində hələlik müzakirənin aparılmasına dair hər hansı qərar verilməyib.
“İran üçün ABŞ tərəfinin danışıqlarla praktiki addımları arasında ziddiyyət var. Bu isə İranın ABŞ-nin məqsədlərinə etimadsızlığını daha da artırır. İran milli mənafeyini prioritet götürərək müzakirələrin davam etməsi haqda lazımi qərarı verəcək”, - deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
