...

Azərbaycanla əməkdaşlığın gücləndirilməsi dayanıqlı Avropanın formalaşdırılması səylərinin bir hissəsidir - Albaniya XİN rəhbəri

Siyasət Materials 21 Aprel 2026 08:00 (UTC +04:00)
Azərbaycanla əməkdaşlığın gücləndirilməsi dayanıqlı Avropanın formalaşdırılması səylərinin bir hissəsidir - Albaniya XİN rəhbəri
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla əməkdaşlığın gücləndirilməsi daha qarşılıqlı əlaqəli, dayanıqlı və strateji baxımdan uzlaşdırılmış Avropa məkanının formalaşdırılması üzrə daha geniş səylərin bir hissəsidir.

Bunu Trend-ə Albaniyanın Avropa və Xarici işlər naziri Ferit Xoca Antalya Diplomatiya Forumu çərçivəsində özəl müsahibəsində bildirib.

“Azərbaycanla ikitərəfli münasibətlərimiz son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Biz daha çox iş görə biləcəyimizi anlayırıq və buna sadiq qalırıq. Şübhə yox ki, enerji təhlükəsizliyinə, əlaqəliliyə və regional sabitliyə töhfə verən bir ölkənin rolu və çəkisi qeyri-müəyyənlik dövrlərində əhəmiyyətli dərəcədə artır. Bu kontekstdə Azərbaycan Avropa üçün mühüm tərəfdaş kimi qiymətləndirilir, xüsusilə enerji sahəsində və strateji nəqliyyat və enerji dəhlizlərinin inkişafında”, - deyə o qeyd edib.

Nazirin fikrincə, bu potensialın tam reallaşdırılması üçün əməkdaşlıq bir sıra konkret və gələcəyə yönəlmiş prioritetlər ətrafında qurulmalıdır:

- təchizat marşrutlarının genişləndirilməsi və şaxələndirilməsi, həmçinin qarşılıqlı əlaqələrin gücləndirilməsi daxil olmaqla enerji və infrastruktur sahəsində əməkdaşlığın dərinləşdirilməsi;

- rəqabət qabiliyyətini yüksəldən, inteqrasiya olunmuş istehsal zəncirlərini dəstəkləyən və ticarət axınlarını asanlaşdıran iqtisadi əlaqələrin möhkəmləndirilməsi;

- regional təhlükəsizlik və ortaq strateji maraqlar üzrə müntəzəm və strukturlaşdırılmış siyasi dialoqun gücləndirilməsi.

“Albaniyanın baxışına görə, bu cür tərəfdaşlıqlar daha geniş Avropa inteqrasiyası məqsədi ilə uzlaşdırıldıqda daha böyük dəyər qazanır. Onlar həmçinin Albaniyanın regional əlaqəliliyin əsas qovşaqlarından biri kimi rolunu gücləndirir və onu etibarlı və məsuliyyətli avroatlantik aktor kimi mövqeləndirir. Bu mənada Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsini daha qarşılıqlı əlaqəli, dayanıqlı və strateji baxımdan uzlaşdırılmış Avropa məkanının formalaşdırılmasına yönəlmiş daha geniş səylərin bir hissəsi kimi qiymətləndiririk”,- deyə Xoca əlavə edib.

Albaniyalı nazir həmçinin, Azərbaycan ilə Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişi müsbət qiymətləndirib.

“İlk növbədə, sülhün bərqərar olmasından məmnunuq. Bu baxımdan Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh prosesinin möhkəmləndirilməsi istiqamətində əldə olunan istənilən real irəliləyiş müsbət inkişafdır, çünki bu, enerji, əlaqəlilik və daha geniş Avropa təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan regionda sabitliyi gücləndirir və inkişafa təkan verir. Dayanıqlı sülh regionda daha yüksək proqnozlaşdırıla bilənlik yaradacaq, əməkdaşlıq üçün şəraiti yaxşılaşdıracaq və Avropa ilə daha geniş Avrasiya məkanı arasında nəqliyyat-logistika dəhlizlərini möhkəmləndirəcək.

Bu səbəbdən, əldə olunmuş razılaşmaların tam və ardıcıl icrası vasitəsilə bu irəliləyişin möhkəmləndirilməsi son dərəcə vacibdir. Uzunmüddətli sülh yalnız ən yüksək səviyyədə siyasi iradə deyil, həm də etimadın möhkəmləndirilməsi, şəffaflığın təmin edilməsi və mübahisələrin həlli ilə regional əməkdaşlıq üçün effektiv mexanizmlərin yaradılması istiqamətində davamlı səylər tələb edir. Bu elementlər olmadan əldə olunmuş nəticələr kövrək və geri dönə bilən qala bilər”, - o bildirib.

Xoca vurğulayıb ki, Albaniyanın baxışına görə, Cənubi Qafqazda sabitlik regionun hüdudlarından kənara çıxan əhəmiyyətə malikdir.

“Bu, Avropanın enerji mənbələrinin şaxələndirilməsi üzrə səyləri, əsas nəqliyyat və ticarət marşrutlarının dayanıqlılığı, həmçinin qitənin daha geniş təhlükəsizlik arxitekturası ilə sıx bağlıdır. Bu kontekstdə Cənubi Qafqazda sülh yalnız regional məqsəd kimi deyil, həm də Avropanın ümumi sabitliyinə, dayanıqlılığına və uzunmüddətli rifahına strateji töhfə kimi qiymətləndirilməlidir”, - deyə Albaniyanın xarici işlər naziri əlavə edib.

Daha sonra Antaliya Diplomatiya Forumunda Albaniyanın prioritetlərindən danışan Xoca qeyd edib ki, forum bu il aydın və vaxtlı-vaxtında mesaj verir: çoxsaylı və qarşılıqlı əlaqəli qeyri-müəyyənliklərlə səciyyələnən beynəlxalq mühitdə diplomatiya inkişaf etməli, yalnız reaktiv deyil, həm də preventiv, strateji və dayanıqlılığın gücləndirilməsinə yönəlmiş olmalıdır.

“Albaniyanın baxışına görə, bu, mövcud geosiyasi transformasiyaların daha dərindən anlaşılmasını, avroatlantik tərəfdaşlarla daha sıx koordinasiyanı və ən əsası, siyasi prioritetləri konkret dövlət, iqtisadi və institusional imkanlara çevirmək qabiliyyətini tələb edir. Müasir diplomatiya strateji baxışı praktik icra ilə birləşdirməlidir.

Albaniya üçün “gələcəyin müəyyənləşdirilməsi” o deməkdir ki, təhlükəsizlik, iqtisadiyyat, enerji və Avropa inteqrasiyası artıq ayrı-ayrı sahələr deyil, onlar dərin şəkildə bir-biri ilə qarşlıqlı əlaqəlidir. Bir sahədə baş verən inkişaflar getdikcə digər sahələrə birbaşa təsir göstərir — ticarətə, təchizat zəncirlərinə, fiskal sabitliyə və sosial həmrəyliyə təsir edir. Bu kontekstdə Albaniya çoxtərəfli diplomatiyanı, möhkəm avroatlantik tərəfdaşlığı və Avropa inteqrasiyası prosesinin sürətləndirilməsini yalnız strateji prioritetlər deyil, həm də daha mürəkkəb və qeyri-proqnozlaşdırılan qlobal mühitə zəruri cavablar kimi qiymətləndirir. Məhz bu alətlər riskləri daha yaxşı qabaqcadan görməyə, dayanıqlılığı artırmağa və regional və beynəlxalq sülhə, sabitliyə və dayanıqlı inkişafa mühüm töhfə verməyə imkan verir”,- deyə o aydınlaşdırıb.

Xoca hesab edir ki, Avropa və Qərbi Balkanlar öz strategiyalarını reaktiv böhran idarəçiliyindən dayanıqlı uzunmüddətli inkişaf modelinin formalaşdırılmasına keçid almaqla uyğunlaşdırmalıdır.

“Bu, yalnız dövlət institutlarının gücləndirilməsini və idarələrarası əlaqələndirmənin yaxşılaşdırılmasını deyil, həm də enerji təhlükəsizliyi, infrastruktur, rəqəmsal transformasiya və regional əlaqəlilik kimi mühüm sahələrə məqsədyönlü investisiyaları tələb edir. Albaniyanın baxışına görə, Qərbi Balkanlar Avropa və avroatlantik təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsidir. Buna görə də regionun sabitliyi bütövlükdə Avropanın sabitliyindən ayrılmazdır. Avropa İttifaqına inteqrasiyanın sürətləndirilməsi yalnız ölkələrimizin milli məqsədi deyil, həm də Avropanın təhlükəsizliyinə, birliyinə və qlobal roluna strateji sərmayədir.

Bu kontekstdə hüququn aliliyi sahəsində islahatların təşviqi, dövlət maliyyəsinin idarə olunmasının gücləndirilməsi, rəqəmsallaşmanın dərinləşdirilməsi və dayanıqlı, inklüziv iqtisadi artımın təşviqi böyük önəm kəsb edir. Bu səylər institusional dayanıqlılığı artırır, idarəetmənin keyfiyyətini yaxşılaşdırır və regionun geosiyasi, iqtisadi və ya enerji xarakterli xarici şoklara qarşı dayanıqlığını gücləndirir”, - deyə nazir qeyd edib.

Onun fikrincə, regional əməkdaşlığın möhkəmləndirilməsi əsas məsələ olaraq qalır.

“Etimadı gücləndirməklə, əlaqəliliyi yaxşılaşdırmaqla və Aİ standartları və siyasətləri ilə daha sıx uyğunlaşmaqla Qərbi Balkanlar ümumi çağırışların həllində etibarlı və proaktiv tərəfdaş kimi mövqelənə bilər. Nəticə etibarilə, dayanıqlılıq yalnız çağırışlara hazırlıq deyil, həm də transformasiyadır. Bu, uyğunlaşa bilən, rəqabətqabiliyyətli və demokratik dəyərlərə əsaslanan cəmiyyət və iqtisadiyyatların qurulması deməkdir ki, onlar təkcə qeyri-müəyyənliklə mübarizə aparmaqla kifayətlənməyib, həm də region və bütövlükdə Avropa üçün daha sabit və təhlükəsiz gələcək formalaşdıra bilsin”, - deyə Xoca bildirib.

Albaniyanın XİN rəhbəri qeyd edib ki, ölkəsinin baxışına görə, Avropa üç qarşılıqlı gücləndirici istiqamətə əsaslanan strategiyanı həyata keçirməlidir.

“İlk növbədə, Aİ Qərbi Balkanlara doğru genişlənmə prosesini ardıcıl və tərəddüdsüz şəkildə önə çəkməlidir. Mövcud geosiyasi şəraitdə genişlənmə sadəcə siyasət deyil, strateji zərurətdir. Etimad və nailiyyət prinsipləri əsasında üzvlük prosesinin irəlilədilməsi sabitliyi gücləndirəcək, demokratik institutları möhkəmləndirəcək və regionda xarici təsir imkanlarını məhdudlaşdıracaq.

Avropa İttifaqının tarixində genişlənmə onun ən effektiv geosiyasi investisiyası olub. Əvvəlki genişlənmə mərhələləri bunu təkzibedilməz şəkildə sübut edir. Qısamüddətli perspektivdə Avropa İttifaqına qoşulma islahatları möhkəmləndirir, investor etimadını artırır və enerji, infrastruktur və hüququn aliliyi kimi həyati sahələrdə siyasət uyğunluğunu gücləndirir. Uzunmüddətli perspektivdə isə bu, iqtisadi şokları, təhlükəsizlik risklərini və qlobal rəqabəti daha effektiv idarə edə bilən daha vahid və dayanıqlı Avropa qitəsinin formalaşmasına töhfə verir”,- deyə o izah edib.

İkincisi, Xoca bildirib ki, Aİ enerji interkonnektorlarına, nəqliyyat dəhlizlərinə və kritik infrastruktura davamlı investisiyalar vasitəsilə iqtisadi və enerji təhlükəsizliyini daha da gücləndirməlidir. Sərhədlərarası əlaqəliliyin və dayanıqlılığın yaxşılaşdırılması təkcə təchizat kəsintilərinə həssaslığı azaltmayacaq, həm də regional inteqrasiyanı və uzunmüddətli sabitliyi gücləndirəcək.

“Xüsusilə Qərbi Balkan ölkələrində iqtisadiyyatın şaxələndirilməsi və rəqabət qabiliyyətinin artırılması daha qətiyyətlə dəstəklənməlidir. Bu, özəl sektorun imkanlarının genişləndirilməsini, dəyər zəncirlərinin rəqəmsallaşdırılmasının sürətləndirilməsini, texnoloji innovasiyaların təşviqini və struktur zəifliklərin aradan qaldırılmasını tələb edir. Bu cür səylər istehsala, təchizat zəncirlərinə və məşğulluğa xarici şokların təsirinin azaldılması, eləcə də daha dayanıqlı və inklüziv artımın təmin edilməsi baxımından həlledici əhəmiyyətə malikdir.

Məhz bu istiqamətdə Aİ artıq bizimlə birlikdə Artım Planı çərçivəsində fəaliyyət göstərir. Bu plan sadəcə maliyyə aləti deyil, iqtisadi yaxınlaşmanı sürətləndirən, struktur islahatları dəstəkləyən və Qərbi Balkanları formal üzvlükdən əvvəl də Aİ-nin vahid bazarına yaxınlaşdıran strateji çərçivədir. Albaniya halında isə bu plan avrointeqrasiya prosesi ilə tam uyğunlaşdırılıb”, — deyə o qeyd edib.

Üçüncüsü, Xoca vurğulayıb ki, Avropa tərəfdaş və namizəd ölkələr üçün siyasi və maliyyə alətlərini gücləndirməli və mümkün olduqda yaradıcı şəkildə şaxələndirməlidir ki, Avropa inteqrasiyası prosesi sabitliyin etibarlı dayağı olaraq qalsın.

“Albaniya üçün Aİ-yə üzvlük sadəcə siyasi məqsəd deyil; bu, dövlətin dayanıqlılığını gücləndirmək, Avropanın cənub-şərq cinahını möhkəmləndirmək və geosiyasi və iqtisadi çağırışlara qarşı sinə gəlmək qabiliyyətini artırmaq üçün strateji alətdir”,- deyə Albaniya naziri yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti