Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı vasitələri ilə 698,8 milyon ABŞ dolları dəyərində 1,599 milyon ton yük daşınıb.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 39,2 milyon ABŞ dolları və ya 5,3%, həcm ifadəsində isə 143,3 min ton və ya 8,2% azdır.
Hesabat dövründə Azərbaycandan dəmir yolu nəqliyyatı ilə 195 milyon ABŞ dolları dəyərində təqribən 505,7 min ton yük ixrac olunub ki, bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 12,3 milyon ABŞ dolları və ya 6,7% çox, həcm ifadəsində isə 63,1 min ton və ya 11,1% azdır.
Bu ilin yanvar-mart aylarında Azərbaycana dəmir yolu nəqliyyatı ilə 503,8 milyon ABŞ dolları dəyərində 1,093 milyon ton yük idxal olunub ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 51,5 milyon ABŞ dolları və ya 9,3%, həcm ifadəsində isə 80,2 min ton və ya 6,8% azdır.
Qeyd edək ki, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda yük nəqliyyat vasitələri ilə ümumilikdə 9,407 milyard ABŞ dolları dəyərində 13,014 milyon ton yük daşınıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2,642 milyard ABŞ dolları və ya 21,9%, həcm baxımından isə 1,328 milyon ton və ya 9,3% azdır.
Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan ümumilikdə 5,402 milyard ABŞ dolları dəyərində 10,796 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 983,7 milyon ABŞ dolları və ya 15,4%, həcm ifadəsində isə 737,2 milyon ton və ya 6,4% azalma deməkdir.
Eyni zamanda bu ilin yanvar-mart aylarında yüklərin daşınma vasitələri üzrə Azərbaycana ümumilikdə 4,005 milyard ABŞ dolları dəyərində 2,218 milyon ton yük idxal edilib. Bu isə 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,658 milyard ABŞ dolları və ya 29,3%, həcm baxımıdan isə 590,4 min ton və ya 21% azdır.
