...

İran münaqişəsi zamanı 80-dən çox enerji obyektinə ziyan dəyib

Dünya xəbərləri Materials 21 Aprel 2026 15:00 (UTC +04:00)
İran münaqişəsi zamanı 80-dən çox enerji obyektinə ziyan dəyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İran münaqişəsi nəticəsində 80-dən çox enerji obyekti zədələnib.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol məlumat verib.

“Yaxın Şərqdə baş verən hücumlar nəticəsində 84 enerji obyekti zədələnib, onlardan 34-ü ciddi və ya çox ciddi ziyan görüb”, – o, Türkiyənin Anadolu agentliyinə bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyatın enerji təhlükəsizliyi üçün ciddi təhlükə yaradır.

Birol xatırladıb ki, bu boğazdan gündəlik təxminən 13 milyon barel neft daşınır, halbuki dünya üzrə gündəlik tələbat 100 milyon barel təşkil edir.

O əlavə edib ki, münaqişə müddətində təbii qazın dünya bazarlarına tədarükündə itkilər təxminən 100 milyard kubmetr səviyyəsindədir.

“Hörmüz boğazı dərhal bütün tərəfləri qane edəcək şəkildə açılsa belə, neft və təbii qaz tədarükünün qısa müddətdə müharibədən əvvəlki səviyyəyə qayıdacağını gözləmək həddindən artıq nikbinlik olardı. Bu (zədələnmiş) müəssisələrdə istehsalın normal səviyyəyə qaytarılması üçün ən azı iki il, bəzi hallarda isə iki ildən də artıq vaxt tələb oluna bilər”, – BEA rəhbəri bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti